Yeni iqtisadi inkişaf mərhələsi
Bakı şəhərində Prezident İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) ölkəmizin iqtisadi həyatında və beynəlxalq əməkdaşlıq əlaqələrində mühüm strateji platformaya çevrilib. Qlobal miqyasda geosiyasi və iqtisadi çağırışların dərinləşdiyi, təchizat zəncirlərinin qırıldığı və qeyri-müəyyənliklərin artdığı bir dövrə təsadüf edən bu nüfuzlu tədbirdə dövlət başçısının çıxışı Azərbaycanın gələcək illər üçün iqtisadi inkişaf vektorlarını, qlobal tərəfdaşlıq strategiyasını və prioritet layihələrini dəqiq müəyyənləşdirdi.
Dövlət başçısı çıxışında müasir dünyanın üzləşdiyi qlobal təlatümlərə, logistik maneələrə və iqtisadi qeyri-sabitliklərə toxunaraq, Azərbaycanın bu mürəkkəb mühitdə necə etibarlı tərəfdaş mövqeyi tutduğunu vurğuladı. Ölkəmizin daxili siyasi sabitliyi, güclü təhlükəsizlik mühiti və ardıcıl həyata keçirilən struktur islahatları xarici investorlar üçün Bakını regionun ən cəlbedici və etibarlı investisiya məkanlarından birinə çevrir. Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycanın iqtisadi siyasətinin əsas sütunlarından biri qeyri-neft-qaz sektorunun dinamik inkişafıdır. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, rəqabətqabiliyyətli istehsal və ixrac potensialının gücləndirilməsi istiqamətində atılan addımlar beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Xüsusilə də makroiqtisadi sabitliyin qorunması, inflyasiyanın nəzarətdə saxlanılması və əlverişli biznes mühitinin yaradılması investorların uzunmüddətli planlar qurmasına zəmin yaradır.
Forum çərçivəsində aparılan müzakirələrin əsas leytmotivini qlobal iqtisadi arxitekturanın yenidən qurulması, rəqəmsal transformasiya və yaşıl enerji gündəliyi təşkil etdi. Azərbaycanın malik olduğu nəhəng bərpaolunan enerji potensialı – xüsusilə Xəzər dənizinin külək və günəş enerjisi imkanları ölkəmizi Avropanın yaşıl enerji təchizatında açar oyunçuya çevrir. Dövlət başçısı qeyd etdi ki, yaşıl iqtisadiyyata keçid və "yaşıl enerji" dəhlizlərinin yaradılması ölkəmizin prioritet investisiya istiqamətlərindəndir. Eyni zamanda, Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) kimi qlobal əhəmiyyətli nəqliyyat-logistika layihələrinin reallaşdırılmasında Azərbaycanın oynadığı aparıcı rol forum iştirakçılarının diqqət mərkəzində olub. Şərqlə Qərbi birləşdirən bu strateji damarın buraxılış qabiliyyətinin artırılması, dəmir yolu və liman infrastrukturunun modernləşdirilməsi xarici tərəfdaşlar üçün geniş imkanlar açır.
Forumun əhəmiyyəti onun praktiki nəticələrində – imzalanan mühüm sənədlərdə və investisiya paketlərində öz əksini tapdı. Tədbir çərçivəsində tikinti, rəqəmsal iqtisadiyyat, yaşıl enerji, kənd təsərrüfatı, maliyyə, su təsərrüfatı və investisiyaların təşviqi sahələrini əhatə edən mühüm sənədlət imzalandı. Qeyd etmək lazımdır ki, ümumilikdə bu çərçivədə milyardlarla dollar dəyərində layihələr portfelinin formalaşması beynəlxalq maliyyə institutlarının və transmilli şirkətlərin Azərbaycanda həyata keçirilən islahatlara göstərdiyi yüksək inamın və marağın əyani sübutudur. İnsan kapitalının inkişafı, təhsil və innovasiya ekosisteminin gücləndirilməsi də forumun əsas prioritetləri sırasına daxil edilmişdir. Rəqəmsal bacarıqların artırılması, süni intellekt və yüksək texnologiyalar sahəsində həyata keçirilən təşəbbüslər ölkənin gələcək illərdə dayanıqlı rəqabətqabiliyyətliliyini təmin edəcək.
Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı çıxışı bir daha göstərdi ki, Azərbaycan sadəcə ənənəvi enerji resursları ixrac edən ölkə deyil, həm də geniş nəqliyyat-logistika qovşağı, yaşıl enerji mərkəzi və regional innovasiyalar məkanına çevrilməkdədir. Forumda səsləndirilən fikirlər, irəli sürülən yeni ideyalar və əldə olunan razılaşmalar ölkəmizin dayanıqlı inkişaf strategiyasının uğurla reallaşdığını və qlobal iqtisadi inteqrasiyada mövqeyimizin daha da möhkəmləndiyini əyani şəkildə nümayiş etdirir.

Fuad Həbibzadə
YAP Yasamal rayon təşkilatının məsləhətçisi
13:12 28.09.2026
Oxunuş sayı: 65