Vətənin kiber səngərinin mübariz keşikçiləri
Müasir dünyada müharibələrin mahiyyəti köklü şəkildə dəyişib. Artıq yalnız cəbhə xəttində, silah səsi və tank zəncirlərinin gurultusu ilə yox, eyni zamanda görünməz, səssiz, amma daha təhlükəli bir müstəvidə — texnologiya və internet məkanında da mübarizə gedir. Bu yeni cəbhədə düşmən görünmür, amma zərbəsi çox ağır ola bilir. Elə bir gün yoxdur ki, ölkəmizə qarşı kiber hücumlar həyata keçirilməsin. Bu hücumlar bəzən sadəcə məlumat oğurlamağa, bəzən kritik infrastrukturu iflic etməyə, bəzən isə cəmiyyətdə qarışıqlıq və inamsızlıq yaratmağa yönəlir.
Məhz bu görünməz cəbhədə ölkəmizin kiber qalalarını və xüsusi rabitə sistemlərini qoruyan insanlar var. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları hər gün, hər saat bu əbədi müharibənin ön cərgəsində dayanırlar. Onların fəaliyyəti çoxşaxəli və ölkənin təhlükəsizliyinin ən həssas sahələrini əhatə edir.
Xidmət dövlət orqanlarını xüsusi təyinatlı informasiya-kommunikasiya sistemləri və şəbəkələri ilə fasiləsiz və təhlükəsiz təmin edir. Hökumət rabitəsi, xüsusi dövlət rabitəsi, mobil xüsusi rabitə və dövlətlərarası hökumət rabitəsi kimi mühüm sistemlərin işləməsinə cavabdehdir. Eyni zamanda TETRA radio rabitəsi, feldyeger rabitəsi, elektron imza və idarələrarası elektron sənəd dövriyyəsi sistemlərinin təşkili, istismarı və təhlükəsizliyini həyata keçirir.
AzStateNet şəbəkəsi vasitəsilə dövlət qurumlarını və kritik infrastrukturları data və internet xidmətləri ilə təmin edir, hostinq, DNS (.gov.az) xidmətlərini idarə edir, kriptoqrafik mühafizə tətbiq edir. 24/7 rejimində monitorinq apararaq kiber təhdidləri vaxtında aşkarlayır və qarşısını alır. Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT) vasitəsilə dövlət orqanlarına texniki və metodiki dəstək göstərir, kibertəhlükəsizlik sahəsində hazırlığı artırır, qabaqlayıcı tədbirlər görür və informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinq aparır.
Bütün bu fəaliyyətlər bir məqsədə xidmət edir — dövlət sirrlərinin, milli informasiya ehtiyatlarının, kritik infrastrukturun və vətəndaşların məlumatlarının etibarlı qorunmasına. Onların əməyi sayəsində dövlətin idarəetmə sistemləri, mühüm obyektlər və rəqəmsal sərhədlər möhkəm saxlanılır.
Bu peşə sahibləri üçün müharibə bitmir. Cəbhədə atəşkəs elan oluna bilər, amma kiber məkanda atəşkəs olmur. Bu, əbədi bir müharibədir. Və bu müharibədə qələbə yalnız peşəkarlıq, fədakarlıq, daimi ayıqlıq və yüksək vətənpərvərlik sayəsində mümkündür. Onlar bu qələbəni hər gün, səssiz-səmirsiz qazanırlar.
Bu gün onların peşə bayramıdır. Bu gün biz o insanlara təşəkkür edirik ki, görünməyən düşmənlə mübarizə aparır, görünməyən qələbələr qazanır və ölkəmizin rəqəmsal sərhədlərini, xüsusi rabitə kanallarını və informasiya təhlükəsizliyini möhkəm saxlayırlar.
Hörmətli Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin bütün əməkdaşları!
Sizi peşə bayramınız münasibətilə ürəkdən təbrik edirik! Sağlamlıq, güc, uğur və daim qələbə dolu günlər arzulayırıq. Vətənin kiber qalaları, xüsusi rabitə sistemləri və informasiya təhlükəsizliyi sizin sayənizdə etibarlıdır. Bayramınız mübarək!
Ayhan
13:15 26.09.2026
Oxunuş sayı: 51