Üç saat on dəqiqəlik sirr
Üç saat on dəqiqə!
Sülh üçün uzun, xəritəni dəyişmək üçün qısa, böyük siyasətin hesab-kitabını
aparmaq üçün isə, görünür, tam münasib vaxtdır. Rusiya Prezidenti Vladimir
Putin ABŞ Prezidentinin nümayəndələri ilə üç saat on dəqiqə danışır. Dünya isə
təbii olaraq soruşur: görəsən, bu qədər uzun söhbətdə yalnız müharibənin necə
dayandırılması müzakirə olunurdu, yoxsa müharibədən sonrakı dünyanın necə
bölüşdürülməsi də masanın üstündə idi?
Rusiya ilə ABŞ
televiziyada bir-birinə düşmən görünür. Biri o birini təhlükə adlandırır, o
biri birincini geosiyasi rəqib. Sanksiyalar gəlir, cavab sanksiyaları gəlir,
sərt bəyanatlar səslənir, hərbi büdcələr artır. Amma maraqlıdır: bu qədər
düşmən olan tərəflər niyə yenə də görüşür, danışıqlar aparır və bir-birinin
sözünü bu qədər diqqətlə dinləyirlər? Deməli, müasir siyasətdə yeni bir
diplomatik prinsip yaranıb: ekranda düşmənçilik, kabinetdə əməkdaşlıq.
Kamera qarşısında:
“Biz sizinlə mübarizə aparırıq!” Qapalı qapı arxasında: “Bəs müharibədən sonra
bölgünü necə edirik?” Kamera qarşısında: “Heç bir güzəşt olmayacaq!” Qapının o
biri tərəfində isə, bəlkə də: “Güzəşt sözünü işlətməyək, kompromis deyək.”
Siyasətin dili çox maraqlıdır: xalq üçün “prinsip”, kabinet üçün “maraq”, tarix
üçün isə “strateji qərar”.
Bəlkə də
düşmənçiliklə əməkdaşlıq artıq bir-birinə zidd anlayışlar deyil. Əksinə, XXI
əsrin böyük dövlət siyasətində bunlar eyni mexanizmin iki üzüdür. Bu gün rəqib
elan etdiyin dövlətlə sabah danışıqlar aparırsan, çünki ideologiyalar dəyişir,
hökumətlər dəyişir, prezidentlər dəyişir, amma geosiyasi maraqlar çox
vaxt kresloda qalır.
Üç saat on dəqiqəlik
görüşün rəsmi mövzusu Ukrayna müharibəsinin dayandırılmasıdır. Əlbəttə, dünyaya
bunu demək lazımdır. Çünki müharibədən yorulmuş insanlara “biz gələcəyi
bölüşdürürük” deməkdənsə, “sülh axtarırıq” demək daha xoş səslənir. Amma
siyasətin arxa otağında başqa sualların da verilməsi mümkündür: Ukraynadan
sonra Avropanın təhlükəsizlik sistemi necə olacaq? Rusiyanın Avropadakı rolu nə
olacaq? ABŞ hansı mövqeləri qoruyacaq? Enerji bazarlarında kim qalib çıxacaq?
Yenidənqurma müqavilələri kimlərə gedəcək? Yeni investisiya dalğasının
istiqamətini kim müəyyən edəcək?
Çünki müasir
müharibələr yalnız tanklarla aparılmır. Onların bir cəbhəsi döyüş
meydanındadır, digər cəbhəsi enerji bazarlarında, silah sənayesində, maliyyə
sistemində, logistika dəhlizlərində və gələcək müqavilələrdədir. Cəbhədə
mərmilər partlayır, bir neçə min kilometr uzaqda isə səhmlər, neft qiymətləri,
silah müqavilələri və investisiya planları hərəkətə gəlir. Bir yerdə
şəhərlər dağılır, başqa yerdə biznes-planlar qurulur.
Ona görə də böyük
siyasətin ən sadə sualı bəlkə də belədir: “Müharibəni kim başlayıb?” Daha
mürəkkəb sual isə budur: “Müharibədən kim qazanır?” Ən
narahatedici sual isə üçüncüsüdür: “Müharibənin davam etməsində kimin
marağı var?”
Əlbəttə, hər
müharibənin arxasında gizli bir dünya hökuməti və əvvəlcədən hazırlanmış bir
ssenari axtarmaq düzgün deyil. Amma siyasi tarix bizə bir şeyi dəfələrlə
göstərib: dövlətlərin rəsmi bəyanatları ilə real maraqları həmişə eyni şey
olmur. Bəzən xalqın eşitdiyi söz başqa, kabinetdə hesablanan rəqəm tamam başqa
olur.
Bəlkə də Vaşinqtonla
Moskva arasında görünən qarşıdurmanın arxasında müəyyən əməkdaşlıq sahələri
var. Bəlkə onların hər ikisi bir-birini zəiflətmək istəyir, amma eyni zamanda
bir-birinə ehtiyac duyur. Bəlkə də rəqabətin özü müəyyən bir əməkdaşlıq
formasıdır. Çünki tam düşmənçilik dialoqu dayandırar, dialoq isə maraqların
uzlaşdırılmasına imkan yaradar.
Burada bir az da
fəlsəfə başlayır. Siyasətdə “düşmən” kimdir? Sənin haqqında pis danışan? Sənə
sanksiya tətbiq edən? Yoxsa sənin maraqlarına zidd hərəkət edən? Əgər
sonuncusudursa, maraqlar dəyişdiyi anda düşmən də dəyişir. Deməli, siyasətdə
əbədi dostluq olmadığı kimi, əbədi düşmənçilik də yoxdur. Əbədi olan
yalnız maraqdır.
Hətta adamın ağlına
daha fantastik bir sual da gəlir: görəsən, bu üç saat on dəqiqə ərzində yalnız
Ukrayna məsələsi deyil, postsovet məkanının gələcəyi, Avropanın yeni
təhlükəsizlik arxitekturası, enerji yolları və dünyanın yeni təsir dairələri də
müzakirə edilməyibmi? Bəlkə xəritənin üzərində Ukraynadan başqa başqa ölkələrin
də konturları vardı?
Bəlkə, lap çox irəli
gedib soruşaq: SSRİ-ni yenidən qurmaq məsələsi də müzakirə olunmayıb
ki? “Amma biz ABŞ-ıq!” — “Eybi yoxdur, bu dəfə SSRİ-ni kapitalist
modeldə quraq.” “Bəs adını necə qoyaq?” — “Ad məsələsini ekspertlər həll edər.”
Əlbəttə, bu, sadəcə satirik fərziyyədir. Amma geopolitikanın özü bəzən o qədər
absurd görünür ki, satira ilə reallığın sərhədini tapmaq çətinləşir.
Bəlkə də gələcək
tarixçilər bugünkü hadisələrə baxıb deyəcəklər: bizə illərlə iki böyük gücün
bir-birinə qarşı mübarizəsi göstərildi, amma əsas danışıqlar pərdə arxasında
aparıldı. Bəlkə də deyəcəklər ki, müharibənin ən mühüm hissəsi cəbhədə deyil,
masa arxasında baş verirdi. Bəlkə də heç nə deməyəcəklər. Çünki tarix çox vaxt
qərarların necə verildiyini deyil, nəticədə kimin qalib gəldiyini
yazır.
Cəbhədə isə fəlsəfi
sualların cavabı çox sadədir. İnsan ölür. Ev dağıılır. Ailə parçalanır. Torpaq
minalanır. Bir gəncin həyatı bir statistik rəqəmə çevrilir. Böyük siyasət isə
xəritənin üzərində oxlar çəkir, faizləri hesablayır, təhlükəsizlik zonalarını
müzakirə edir və “strateji maraq” ifadəsini işlədir.
Bir tərəfdə qan
dövranı dayanır, digər tərəfdə kapital dövranı sürətlənir.
Silah istehsalçısı
üçün müharibə sifarişdir. Enerji şirkəti üçün qiymət dəyişməsidir. İnvestor
üçün risk və fürsətdir. Siyasətçi üçün isə bəzən seçki arqumentidir. Sadə insan
üçünsə bütün bunların adı birdir: müharibə.
Maraqlıdır, əgər müharibə
hamı üçün faciədirsə, niyə bəzi sektorlar müharibə zamanı çiçəklənir? Əgər sülh
hamı üçün yaxşıdırsa, niyə sülhə gedən yol həmişə bu qədər dolaşıq olur? Bəlkə
insanlıq müharibəni dayandırmağı bacarmır, yoxsa müharibəni dayandırmaqdan
əvvəl onun gətirdiyi siyasi və iqtisadi hesabları bağlamaq lazımdır?
Bəlkə də sülh
masasında ən böyük problem sülhün özü deyil. Problem budur ki, sülh
gəldikdən sonra kimin nə əldə edəcəyi əvvəlcədən müəyyənləşdirilməlidir.
Ona görə üç saat on
dəqiqəlik görüşdən sonra dünyanın gözləri atəşin dayanacağı günə dikilib. Amma
böyük siyasətin gözləri, bəlkə də, artıq başqa yerə baxır: yeni xəritəyə, yeni
müqavilələrə, yeni enerji marşrutlarına, yeni bazarlara və yeni təsir
dairələrinə.
Beləliklə, sual yenə
qalır: Rusiya ilə ABŞ həqiqətən düşməndirlər, yoxsa düşmənçilik yalnız
siyasətin görünən səhnəsidir? Onlar bir-birinə qarşı mübarizə aparırlar, yoxsa
bir-birinin iştirakı olmadan yeni dünya düzənini qura bilmirlər?
Bunu biz bilmirik.
Bəlkə də heç vaxt bilməyəcəyik.
Amma bir şeyi
görürük: xalqlar düşmən olur, dövlətlər maraqlarını qoruyur; əsgərlər
ölür, diplomatlar danışır; şəhərlər dağılır, bazarlar yenidən bölüşdürülür.
Və üç saat on
dəqiqəlik görüşdən sonra ən fəlsəfi sual yenə də cavabsız qalır: Müharibə
həqiqətən bitəndə sülh başlayacaq, yoxsa sadəcə yeni hesablaşma mərhələsi
başlayacaq?
13:30 24.09.2026
Oxunuş sayı: 36