Ət yemək insanı qocaldır? alimlər açıqladı
Ət, xüsusilə də qırmızı ət insanın gündəlik qidalanmasında mühüm yer tutur. Lakin son illərdə ət istehlakının sağlamlığa təsiri ilə bağlı müzakirələr artıb. Bəzi araşdırmalarda çox miqdarda qırmızı və emal olunmuş ət qəbulunun müəyyən xəstəliklərin yaranma riski ilə əlaqəsi göstərilir. Bu isə belə bir sualı gündəmə gətirir: ət yemək insanın qocalmasını sürətləndirə bilərmi? Əslində, insanın yaşlanmasına yalnız bir qida məhsulunun təsiri ilə izah vermək mümkün deyil. Qidalanma ilə yanaşı, gündəlik fiziki aktivlik, metabolik sağlamlıq, yuxu, stress, zərərli vərdişlər və digər həyat tərzi amilləri də orqanizmin zamanla necə dəyişməsində rol oynayır. Bəs ət istehlakı ilə qocalma arasında həqiqətən əlaqə varmı və sağlam yaşlanmaq üçün qidalanmada nələrə diqqət edilməlidir?
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Crossmedia.az-a açıqlamasında bildirib:

“Əslində, bu, çox nisbi məsələdir. Qocalma prosesi genetik bir prosesdir. Xromosomların uclarında olan xüsusi tellər – telomerlər ildən-ilə qısalır və sonradan onların yenilənməsi artıq mümkün olmur. Əgər hər hansı bir travma və ya digər bədbəxt hadisə baş verməyibsə, fizioloji ölüm elə bu cür baş verir. Əlbəttə, həyat tərzi də insanın yaşlanmasına təsir edir. Yəni oturaq həyat tərzi, metabolik xəstəliklər və qeyri-sağlam həyat tərzi insanın vaxtından əvvəl sıradan çıxmasına, qocalmasına və funksionallığını itirməsinə gətirib çıxarır. O ki qaldı ət yeməkləri məsələsinə, insan zülal qəbul etməlidir. Doğrudur, qırmızı ətin onkologiya və digər xəstəliklərdə müəyyən rolu olduğu müəyyən edilib. Lakin ümumilikdə düzgün qidalanma vacibdir: mümkün qədər az yemək və çox hərəkət etmək şərtilə. Sadəcə olaraq, insanlar indi çox qida qəbul edir və az hərəkət edirlər; əsas bəla da bundadır”.
Zeynəb Həsən
20:15 22.09.2026
Oxunuş sayı: 45