7 saatdan çox yatan insanlar - ürək xəstəliyi tuta bilərsiniz
Yuxunun insan həyatındakı rolu ilə bağlı müzakirələrdə əsas diqqət adətən yuxusuzluğa yönəlsə də, həddindən artıq yatmaq da suallar doğurur. Xüsusilə uzun müddət normadan artıq yatmağın insanın gündəlik fəaliyyətinə, sağlamlığına və yaşlanma prosesinə təsiri maraq doğuran mövzulardandır. Bəs çox yatmaq insanı həqiqətən daha tez qocalda bilərmi, yoxsa yuxunun müddəti ilə yaşlanma arasında birbaşa əlaqə yoxdur? Məsələnin elmi tərəfi və uzun yuxunun orqanizmə mümkün təsirləri bu sualı aktuallaşdırır.
Crossmedia.az-a açıqlamasında terapevt Nərminə Abbasova həddindən artıq yatmağın yuxu rejiminin pozulması ilə əlaqəli olduğunu və uzunmüddətli davam etdikdə orqanizmə mənfi təsir göstərə biləcəyini bildirib:
“Orta yaşlı insanlar üçün 7-9 saat normal yuxu rejimi hesab olunur. Əgər insan 7-9 saatdan çox yatırsa, bu, orqanizmin ümumi durğunluğuna səbəb ola bilər. Depressiv hallar, ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet və artıq çəki, piylənmə kimi problemlərin inkişafına şərait yarada bilər. Həddindən artıq yuxu rejimi orqanizmin tez yaşlanmasına da təsir edir. Yaşlanma yalnız dəri ilə bağlı deyil, daxili orqanlarda yaranan durğunluq da qocalma əlamətidir”, - deyə terapevt qeyd edib".
Onun sözlərinə görə, həddindən artıq yuxululuğun arxasında müxtəlif sağlamlıq problemləri dayana bilər: “Bəzən yuxuya meyillilik hemoqlobinin aşağı olması, qan azlığı, ümumi zəiflik və halsızlıqla əlaqəli olur. Bəzən də depressiv hallar yuxuya meyillilik yaradır. Sinir sistemində gedən dəyişikliklər, bəzi intoksikasiyalar və digər proseslər də insanlarda yuxululuğa səbəb ola bilər”.
Terapevt bildirib ki, günün böyük hissəsini yatmaqla keçirən və davamlı yuxululuq yaşayan şəxslər həkimə müraciət etməlidirlər: “Belə pasiyentlərlə iş həyatımda çox rastlaşmışam. Yaddaşında zəiflik olan, fikirlərini çatdırmaqda çətinlik çəkən və günlərinin çoxunu yatmaqla keçirən insanlar var. Onlar mütləq həkimə müraciət etməlidirlər ki, bu yuxululuq prosesinin səbəbi müəyyənləşdirilsin”.
Nərminə Abbasova yuxu rejimi ilə yanaşı, gündəlik həyat tərzinə də diqqət yetirməyin vacibliyini vurğulayıb: “Sağlamlıq üçün təmiz havaya çıxmaq, yerimək, qidalanmanı normal saxlamaq və orqanizmi aktiv vəziyyətdə saxlamaq vacibdir. Vaxtında yatıb vaxtında durmaqla bağlı problem varsa və insan özündən asılı olmadan davamlı yuxuya meyillidirsə, mütləq həkimə müraciət etmək lazımdır”.
Nigar Xəlilli
18:00 21.09.2026
Oxunuş sayı: 49