Süni intellektin insan nəslini məhv edə biləcəyi ilə bağlı xəbərdarlıq edilib
Süni intellekt sahəsində çalışan bəzi mütəxəssislər inkişaf edən texnologiyanın gələcəkdə bütün bəşəriyyət üçün ölümcül təhlükə yarada biləcəyini bildirirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə müxtəlif beynəlxalq mənbələr məlumat yayıb.
Müzakirələr “Anthropic” şirkətinin tədqiqatçısı Ceykob Koxonun istefasından sonra genişlənib. Koxon süni intellekt şirkətlərinin özünü təkmilləşdirə bilən daha güclü sistemlərin hazırlanması istiqamətində yarışmasının ciddi risklər yaratdığını bildirib.
“Anthropic” şirkətinin uyğunlaşdırma elmi üzrə rəhbəri Evan Hubinger də Koxonun narahatlıqlarını bölüşüb. O, süni intellektin qarşıdakı on il ərzində bütün insanların məhvinə səbəb olma ehtimalını öz qiymətləndirməsinə görə 10 faizdən yüksək hesab etdiyini açıqlayıb.
Maşın İntellekti Tədqiqat İnstitutunun rəhbəri Neyt Soares isə daha ağır ssenaridən danışaraq süni intellektin nəzarətdən çıxması halında bunun bəşəriyyətin tamamilə məhv olması ilə nəticələnə biləcəyini deyib.
Bununla yanaşı, mütəxəssislər arasında süni intellektin belə nəticəyə gətirib çıxarma ehtimalı və bunun baş verə biləcəyi müddətlə bağlı vahid fikir yoxdur. Hazırkı müzakirələrin əsas mövzularından biri gələcək daha güclü sistemlərin insan nəzarətində saxlanılmasının necə təmin ediləcəyidir.
06:30 20.09.2026
Oxunuş sayı: 56