Dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 112 minə çatdırılıb
Dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 106 mindən 112 minə çatdırılıb.
Crossmedia.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov təhsil işçilərinin sentyabr konfransında deyib.
Onun sözlərinə görə, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi əsas hədəflərdəndir:
"Məktəbəqədər təhsilin əhatə dairəsini genişləndirmək üçün birinci istiqamət mövcud dövlət bağçalarının imkanlarından daha səmərəli istifadə etməkdir. Təmir və təchizat hesabına dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 106 mindən 112 minə çatdırılıb".
E.Bağırov, həmçinin qeyd edib ki, tərbiyəçi-müəllimlərin peşəkarlılığının artırılması diqqət mərkəzində saxlanılır:
"Məktəbəqədər təhsil üzrə əsas hədəflərimiz birbaşa 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasından qaynaqlanır. Burada iki əsas istiqamətimiz var - birincisi, məktəbəqədər təhsilin əhatə dairəsini genişləndirilməsi; ikincisi, tərbiyəçi-müəllimlərin peşəkarlığının artırılması və sertifikatlaşdırma mexanizminin tətbiqi. Əhatəliliyin artırılmasında yanaşmamız ölkənin hər yerində eyni modeli tətbiq etmək deyil. Fərqli ehtiyaclara cavab vermək üçün bir neçə modeldən paralel istifadə edirik".
10:31 11.09.2026
Oxunuş sayı: 58