Robotlar insanları həbs edəcək - robot polislər gəlir
Çində hüquq-mühafizə sahəsində robot texnologiyalarından istifadənin miqyası genişlənir. Şençjen şəhərinin Lonqqan rayonunda fəaliyyətə başlayan robot polis məntəqəsində humanoid, təkərli və dördayaqlı robotlar, dronlar və pilotsuz patrul avtomobilləri polis əməkdaşları ilə birlikdə çalışır, avtomatik patrul, qeyri-adi davranışların aşkarlanması və fövqəladə hallara reaksiya kimi funksiyaları yerinə yetirir.
Azərbaycanda da süni intellekt və rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası təsdiqlənib, 2026–2028-ci illər üçün Rəqəmsal İnkişaf üzrə Fəaliyyət Planında isə süni intellekt və innovasiyalarla bağlı 58 təşəbbüs nəzərdə tutulub. Bu fonunda robot və süni intellekt texnologiyalarının gələcəkdə Azərbaycanda hüquq-mühafizə sahəsində tətbiqi məsələsi də aktuallaşır.
Hüquqşünas Şəmsəddin Əliyev süni intellekt və robot texnologiyalarının tətbiqinin genişlənməsinin cəmiyyətə mümkün təsirləri barədə Crossmedia.az-a açıqlamasında bildirib: “Əslində, dünyada süni intellektin və robot texnologiyalarının tətbiqi genişlənməkdə davam edir. Çox təəssüf ki, burada bəşəriyyətin əldə edəcəyi müəyyən nailiyyətlərlə yanaşı, dünyaya və canlılara bunun daha çox zərər gətirə biləcəyini düşünürəm. İşsizliyin səviyyəsi artacaq. Həm fiziki, həm də psixoloji baxımdan insanların vəziyyətində ciddi dəyişikliklər baş verəcək. Belə hesab edirəm ki, insanların orta ömür uzunluğu aşağı düşə bilər. İşsizliyin artması ilə cinayətkarlığın dinamikasında və səviyyəsində də artım müşahidə oluna bilər. Bu proses nəticəsində yeni cinayət növlərinin də meydana çıxması mümkündür”.

Hüquqşünas qeyd edib ki, gələcəkdə süni intellekt və robot texnologiyalarının hüquq-mühafizə sahəsində tətbiqi müxtəlif istiqamətləri əhatə edə bilər: “Gələcəkdə süni intellekt və robot texnologiyalarının hüquq-mühafizə orqanlarında kabinet işlərində, hadisə yerinin müayinəsində, əl-barmaq izlərinin götürülməsində və digər istiqamətlərdə necə tətbiq olunacağını indidən tam şəkildə söyləmək çətindir. Bununla belə, bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə olunacağı və müvafiq texnologiyaların Azərbaycanda da tətbiq ediləcəyi ehtimal olunur. Faktiki olaraq, qabaqcıl texnologiyaların cinayətkarlıqla mübarizədə çox böyük səmərəsi var. Gələcəkdə məlumat bazalarının işlənməsi və məlumatların təhlilinin robotlar və süni intellekt vasitəsilə həyata keçirilməsi mümkündür. Bu texnologiyalar böyük həcmli məlumatların daha sürətli təhlilinə və sistemləşdirilməsinə imkan verə bilər”.
Şəmsəddin Əliyev vurğulayıb ki, süni intellektdən axtarış və müayinə proseslərində, eləcə də cinayətlərin açılması istiqamətində istifadə imkanları mövcuddur: “Məsələn, gömrük və sərhəd-buraxılış məntəqələrində, aeroportlarda süni intellekt və robot texnologiyalarının tətbiqi mümkün istiqamətlərdən biridir. Eyni zamanda, bağlı qalmış cinayətlərin açılması sahəsində də bu texnologiyaların imkanlarından istifadə edilə bilər. Zərərçəkmiş şəxsin verdiyi ifadə əsasında, məsələn, şəxsin saçının, bığının, geyiminin və digər xarici görünüş xüsusiyyətlərinin təsviri əsasında süni intellekt fotorobot hazırlaya bilər. Bundan sonra həmin məlumatlar əsasında müəyyən kriminalistik tədbirlər həyata keçirilə bilər. Amma bir hüquqşünas və uzun illər polis orqanlarında çalışmış yüksək rütbəli polis zabiti kimi hesab edirəm ki, süni intellekt və robot texnologiyalarının cəmiyyət üçün həm müsbət, həm də mənfi nəticələri olacaq. Müəyyən sahələrdə bu texnologiyalar böyük fayda verə bilsə də, digər sahələrdə ciddi problemlərə səbəb ola bilər. İxtisarların baş verməsi, o cümlədən mühasibatlıq və digər iqtisadi sahələrdə iş yerlərinin azalması mümkündür. Nəticədə böyük işsizlər ordusunun yaranması cəmiyyət üçün müsbət perspektiv vəd etmir”.
Nigar Xəlilli
17:30 10.09.2026
Oxunuş sayı: 53