Mərhum jurnalistin məzarındakı barelyef oğurlandı
Azərbaycanın tanınmış jurnalisti Nəcəf Nəcəfovun İkinci Fəxri xiyabandakı məzarından bürünc barelyef oğurlanıb.
Crossmedia.az xəbər verir ki, Trend bu barədə məlumat yayıb.
Hadisə sentyabrın 9-u səhər saatlarında İkinci Fəxri xiyabanda (Qurd qapısı) baş verib.
Məzarın başdaşına quraşdırılmış barelyef Nəcəf Nəcəfovun vaxtilə rəhbərlik etdiyi “Azərbaycan gəncləri” və “Azadlıq” qəzetlərinin iki səhifəsini əks etdirib.
Trend-in əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Ülvi Kazımov saxlanılıb.
Araşdırma zamanı oğurlanmış barelyefin satıldığı yer müəyyən edilib və o, maddi sübut kimi götürülüb. Baxış zamanı barelyefin hissələrə doğrandığı müəyyənləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq və digər zəruri tədbirlər davam etdirilir.
Qeyd edək ki, Nəcəf Nəcəfov 1980–1990-cı illərdə “Azərbaycan gəncləri” və “Azadlıq” qəzetlərinin redaktoru olub. O, 1999-cu ildə vəfat edib.
20:23 09.09.2026
Oxunuş sayı: 41