Emin Əmrullayev: Azərbaycanda üç adamdan ikisi oxuduğunu anlamır
"PISA-2025" beynəlxalq şagird qiymətləndirməsinin nəticələrinə əsasən, təbiət elmləri üzrə Bakı şəhəri 47-ci, Azərbaycan isə 69-cu yerdə qərarlaşıb.
Crossmedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "PISA-2025" - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında deyib.
O, bildirib ki, Bakı şəhərinin təbiət elmləri üzrə ilk 50-likdə yer alması müsbət göstəricidir: “Azərbaycanın əsas problemlərindən biri şagirdlərin oxuduğunu anlaması ilə bağlıdır. PISA nəticələri oxu savadlılığı istiqamətində ciddi pedaqoji problemlərin olduğunu göstərir və Bakı üzrə də bu sahədə geriləmə müşahidə olunub. Bizim ən ağrılı yerimiz oxu məsələsidir. Sona gəldikdə, oxu ilə bağlı daha ciddi problemlərin olduğunu görəcəyik. Çünki şagirdin oxuduğunu anlamaması problemdir. Təbiət elmləri ilə bağlı yanaşmamızı əsaslı şəkildə dəyişməyə ehtiyac var”, – deyə E.Əmrullayev bildirib.
Nazir vurğulayıb ki, oxuduğunu anlama problemi yalnız Azərbaycana xas deyil və bütövlükdə region üçün xarakterik məsələdir. O, Azərbaycan və Bakı üzrə regiondakı digər göstəricilərlə müqayisədə müəyyən üstünlüklərin olduğunu, lakin oxu savadlılığının inkişafı üçün daha ciddi addımların atılmasına ehtiyac yarandığını deyib.
“Azərbaycan və Bakı üzrə regionda oxu savadlılığı ilə bağlı göstəricilərimiz yaxşı olsa da, irəli getməyə yerimiz çoxdur. Təhsil ictimaiyyəti bunu ciddi müzakirə etməlidir”, – nazir əlavə edib.
Emin Əmrullayev bildirib ki, yaxın illərdə nəticələrin 500 bal səviyyəsinə çatdırılması real görünmür. Onun sözlərinə görə, bu göstəriciyə 2033-cü ildə nail olmaq mümkündür.
Nazir PISA nəticələrinə istinad edərək qeyd edib ki, Azərbaycanda təxminən hər üç nəfərdən ikisinin oxuduğunu anlamaması problemi mövcuddur.
O, oxu bacarıqlarının inkişafına təhsil sistemində kifayət qədər diqqət yetirilmədiyini bildirib. Nazir hesab edir ki, bu istiqamətdə iş müəllimlərin işə qəbulu və sertifikatlaşdırılması mərhələsindən başlamalıdır.
“Amma yalnız qrammatik suallar və dil qaydalarını bilməyi yoxlayan suallar versək, heç bir dəyişiklik əldə etməyəcəyik. Bu, oxu bacarıqlarına təsir etmir”, – deyə E.Əmrullayev vurğulayıb.
Ayhan
12:16 08.09.2026
Oxunuş sayı: 66