Ərzaq böhranı siqnalı: Qlobal qiymətlər yenidən sürətlə artır
Qlobal ərzaq qiymətləri avqust ayında Rusiya-Ukrayna müharibəsi ilə bağlı təchizat problemləri və Qara dənizdən taxıl ixracındakı fasilələr fonunda 2022-ci ilin sonundan bəri ən yüksək səviyyəyə yüksəlib.
Crossmedia.az xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Polşa İqtisadiyyat İnstitutunun məlumatlarında bu barədə bildirilib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Ərzaq Qiymətləri İndeksi avqust ayında iyuldakı 130,8 bənddən 133,3 bəndə yüksəlib. Beş əsas ərzaq kateqoriyasının hamısında qiymət artımı qeydə alınıb. Buna baxmayaraq, indeks 2022-ci ilin martında qeydə alınmış pik göstəricidən təxminən 17 faiz aşağıdır.
Qara dənizdə taxıl ticarəti zəifləyib
Polşa İqtisadiyyat İnstitutunun məlumatına görə, iyul və avqust aylarında liman və gəmiçilik infrastrukturuna hücumlar Rusiya və Ukraynadan taxıl ticarətinin əhəmiyyətli hissəsinin dayanmasına səbəb olub. Bu iki ölkə birlikdə dünya üzrə buğda ixracının təxminən üçdə birini təmin edir.
Rusiya ordusunun Odessada və Dunay boyunca yerləşən Ukrayna limanlarına zərbələri nəticəsində avqustun 1-dən 28-dək Ukraynanın buğda ixracı 1,6 milyon ton təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 60 faiz azdır və ölkənin potensial ixrac imkanlarının yalnız 20 faizinə bərabərdir.
Eyni zamanda, Ukraynanın Rusiyanın Novorossiysk limanına PUA hücumları da Rusiya taxıl ixracına təsir göstərib. Polşa İqtisadiyyat İnstitutunun “SovEcon” kənd təsərrüfatı konsaltinq şirkətinin hesablamalarına istinadən yaydığı məlumata görə, Rusiyanın buğda ixracı illik müqayisədə 56 faiz azalıb.
Mövsümün ilk ayında Rusiyanın buğda tədarükü 1,6 milyon ton olub. Bu, 2017/2018-ci il mövsümündən bəri həmin dövr üçün ən aşağı göstəricidir.
Buğdanın qiyməti kəskin artıb
Qara dənizdəki fasilələr beynəlxalq bazarlara da təsir göstərib. Polşa İqtisadiyyat İnstitutunun məlumatına görə, avqust ayında bğda fyuçerslərinin qiyməti illik müqayisədə təxminən 30 faiz artaraq üç ildən çox müddətin ən yüksək səviyyəsinə çatıb.
Asiya ölkələrinin idxalçıları Rusiya və Ukraynadan tədarükün qeyri-sabitləşməsi səbəbindən alışlarını Avstraliya və Argentina buğdasına yönəltməyə başlayıblar.
Alternativ marşrutlar kifayət etmir
Ukrayna kənd təsərrüfatı məhsullarının ixracı üçün alternativ marşrutlar axtarır və Polşa ilə digər qonşu Avropa İttifaqı ölkələri üzərindən tranzitin artırılmasını istəyir. Kiyev, həmçinin Polşanın Ukrayna buğdası, qarğıdalısı, rapsı və günəbaxan tumlarının idxalına tətbiq etdiyi embarqonun aradan qaldırılmasına çağırıb.
Lakin Polşa İqtisadiyyat İnstitutu bildirir ki, quru yolları əvvəllər Qara dəniz limanları vasitəsilə daşınan həcmləri tam əvəz edə bilməz. Dunay çayında su səviyyəsinin aşağı düşməsi və Moldova yaxınlığındakı infrastruktura hücumlar Ukraynanın alternativ ixrac marşrutlarının imkanlarını da məhdudlaşdırır.
Rusiya isə Novorossiyskdəki fasilələrdən sonra taxıl ixracının bir hissəsini Baltik dənizi limanlarına yönləndirməyə çalışır. Novorossiysk adətən Rusiyanın taxıl ixracının təxminən üçdə birini həyata keçirir. Alternativ marşrutlar isə daha yüksək xərclər və daha uzun çatdırılma müddəti ilə müşayiət olunur.
Ukrayna iqtisadiyyatına əlavə təzyiq
Polşa İqtisadiyyat İnstitutunun məlumatına görə, kənd təsərrüfatı məhsulları Ukraynanın ümumi ixracının təxminən 60 faizini təşkil edir. Bu səbəbdən ixracın uzun müddət pozulması ölkənin valyuta gəlirlərinə, məhsulların saxlanma imkanlarına və iqtisadi artımına əlavə təzyiq yarada bilər.
İnstitutun qiymətləndirməsinə əsasən, Qara dəniz infrastrukturuna davam edən hücumlar həm Rusiya, həm də Ukrayna üçün müharibənin iqtisadi xərclərini artırır. Bu təsirlər isə qlobal ərzaq bazarlarına daha sürətlə ötürülür.
04:45 07.09.2026
Oxunuş sayı: 43