İsrail məskunlaşmaçılarının zorakılığı ilə bağlı BMT-dən HƏYƏCAN TƏBİLİ
2023-cü ildən etibarən İordan çayının qərb sahilində İsrail məskunlaşmaçılarının zorakılığı nəticəsində 6 400-dən çox fələstinli yaşayış yerini tərk etmək məcburiyyətində qalıb.
Crossmedia.az xəbər verir ki, BMT-nin baş katibinin sözçüsü Stefan Düjarrik bu barədə gündəlik brifinqdə məlumat verib.
Onun sözlərinə görə, BMT-nin humanitar sahədə çalışan əməkdaşları bildirirlər ki, 2023-cü ildən etibarən məskunlaşmaçıların zorakılığı nəticəsində 130 yaşayış məntəqəsindən 6 400-dən çox fələstinli didərgin düşüb.
Düjarrik bildirib ki, bu proses 2023-cü ildən etibarən 48 fələstinli yaşayış məntəqəsinin tamamilə boşaldılmasına səbəb olub. Onlardan 12-nin boşaldılması yalnız bu il baş verib.
BMT rəsmisinin sözlərinə görə, didərgin düşənlərdən 2 500-dən çoxu 2026-cı ildə evlərini tərk etmək məcburiyyətində qalıb. Onların yarıdan çoxunun uşaqlar olduğu vurğulanıb.
Düjarrik qeyd edib ki, regionda BMT ilə birgə fəaliyyət göstərən təşkilatların hesabatlarına əsasən, İsrail hərbçilərinin və İsrail məskunlaşmaçılarının təkrarlanan hücumları və tətbiq etdiyi məhdudiyyətlər fələstinlilərin vəziyyətini daha da ağırlaşdırıb və onların humanitar ehtiyaclarını dərinləşdirib.
Qeyd edək ki, 2023-cü ilin oktyabrından İsrail ordusunun Qəzza zolağına hücumlara başlamasından sonra işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail hərbçiləri və məskunlaşmaçılar tərəfindən basqın və hücumların artdığı bildirilir.
11:54 05.09.2026
Oxunuş sayı: 47