Yəmən husilərə qarşı 15 hava zərbəsi endirib
Yəmən ordusu Taiz və Əl-Hudeydə əyalətlərində husilərin mövqelərinə 15 hava zərbəsi endirib.
Crossmedia.az xəbər verir ki, Anadolu Ajansı bu barədə məlumat yayıb.
Taiz Hərbi Dairəsinin məlumatına əsasən, hava qüvvələri Taiz əyalətinin qərbində yerləşən Hays cəbhəsində quru qoşunlarına dəstək verib və husilərin mövqelərini bombalayıb.
Bu, iyul ayında döyüşlərin intensivləşməsindən sonra Yəmən hərbi aviasiyasının münaqişəyə ilk dəfə qoşulmasıdır. Taiz və Əl-Hudeydə əyalətlərində son günlər hökumət qüvvələri ilə husilər arasında döyüşlər güclənib.
Husilər hava zərbələri ilə bağlı hələlik açıqlama verməyib. Əl-Hudeydə strateji Bab əl-Məndəb boğazının yaxınlığında yerləşdiyindən bölgədəki qarşıdurma həm də Qırmızı dənizdə gəmiçilik üçün risk yaradır.
Yəməndə 2022-ci ilin aprelindən etibarən nisbi sakitlik hökm sürsə də, son həftələrdə bir sıra əyalətlərdə döyüşlər yenidən intensivləşib. Husilər 2014-cü ildən paytaxt Sənaya və ölkənin geniş ərazilərinə nəzarət edir.
10:21 05.09.2026
Oxunuş sayı: 44