Suriyada türkmən deputat mühüm vəzifəyə seçilib
Suriyanın türkmən ziyalısı və Hələb millət vəkili Tarık Sulo Cevizci Suriya Xalq Məclisinin Mədəniyyət, İrs və Mədəni Müxtəliflik Komissiyasının sədri seçilib.
Crossmedia.az xəbər verir ki, təqdim olunan məlumata görə, Suriyanın yeni hökuməti müxtəlif etnik və dini icmaların dövlət idarəçiliyində təmsilçiliyini genişləndirməyə hazırlaşır.
Məlumata əsasən, Suriya prezidentinin kürd, druz və nüseyri-ələvi müşavirlərinin olması nəzərdə tutulur. Şiə, sünni və xristian-suryani icmalarının da prezident administrasiyasında nümayəndə ilə təmsil olunacağı bildirilir.
Suriyanın yeni konstitusiyasında kürdlərə mədəni azadlıqların verilməsi və bu hüquqların qanunla qorunması planlaşdırılır. Yeni hökumət qərarnaməsində ərəb dili yeganə dövlət və ortaq ünsiyyət dili kimi göstərilsə də, kürd dili əsas dillərdən biri kimi qeyd olunur.
Qərarnaməyə əsasən, kürd dilində qəzet və jurnalların nəşrinə, eləcə də televiziya proqramlarının yayımlanmasına icazə veriləcək. Dövlət televiziyasında kürd dilində redaksiyanın yaradılması və kürd dilində dərsliklərin hazırlanması üçün layihə hazırlanması da nəzərdə tutulur.
Məlumata görə, bu prosesə Suriya parlamentinin yeni üzvü İlham Əhməd nəzarət edəcək. PKK-nın bütün qollarının Suriyada ləğv olunacağı və onların üzvlərinin dövlət vəzifələrində çalışmasına icazə verilməyəcəyi bildirilir. Ağır cinayətlər törətməyən şəxslərə isə amnistiya tətbiq olunacağı qeyd edilir.
Bundan başqa, kürdlərin Suriya parlamentinin 10 komitəsində təmsilçiliyinə icazə veriləcəyi bildirilir. Druzların və nüseyri-ələvilərin dini inanclarının qanunla qorunacağı, onlara qarşı cinayət törədən şəxslərin məsuliyyətə cəlb ediləcəyi qeyd olunur.
Xristian icmasının ibadət yerlərinin təmiri üçün dövlət büdcəsindən vəsait ayrılmasının da nəzərdə tutulduğu bildirilir.
14:39 29.08.2026
Oxunuş sayı: 55