Hərbçimizi Ermənistanda nə qədər saxlayacaqlar? - Polkovnik açıqladı
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevlə bağlı məsələ gündəmdə qalmaqda davam edir. Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, sentyabrın 26-da hərbçinin xidmət yerində olmadığı müəyyən edilib və onun axtarışına başlanılıb. Oktyabrın 1-də isə Nəsimi Musayevin Ermənistan ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı təsdiqlənib. Ermənistan tərəfi hadisə ilə bağlı bir sıra ittihamlar irəli sürüb, oktyabrın 2-də hərbçi barəsində iki aylıq həbs qətimkan tədbiri seçildiyi açıqlanıb. Ermənistanın müdafiə naziri Suren Papikyan isə Musayevin saxlanılarkən müqavimət göstərmədiyini və diversant olmadığını bildirib. Hadisənin bütün təfərrüatları və hüquqi nəticələri ilə bağlı suallar hələ də açıq qalır. Maraqlıdır ki, Azərbaycan əsgəri bütün hadisəni etiraf etməsinə və hətta erməni mətbuatına bu barədə açıqlama verməyinə baxmayaraq, Ermənistanda əsgərimizə cani kimi, ağır cinayətkar kimi baxırlar. Yüngül zərər çəkən erməni qadın isə Milli Qəhrəman kimi təqdim edilir.
Mövzu ilə bağlı ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Crossmedia.az-a açıqlamasında bildirib ki, Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevlə bağlı erməni mediasının yaydığı məlumatlara ehtiyatla yanaşmaq lazımdır:

“Çünki söhbət uzun illər Azərbaycana qarşı düşmən mövqeyi nümayiş etdirən bir ölkənin mediasından gedir. Hesab edirəm ki, həmin media Azərbaycan hərbçisini gözdən salmaq və onu mənfi obrazda təqdim etmək üçün hadisəni öz maraqlarına uyğun işıqlandırmağa çalışır.
Ermənistan cəmiyyətində bu hadisəyə mənfi münasibət göstərənlərin olması təəccüblü deyil. Azərbaycan ordusuna və türk hərbçilərinə qarşı mənfi münasibət əvvəllər də mövcud olub. İndi isə bu hadisədən Azərbaycan Silahlı Qüvvələrinə qarşı istifadə etməyə çalışırlar”.
Hərbi ekspert qeyd edib ki, hadisənin bütün təfərrüatlarını bilməyən şəxslər də Azərbaycan hərbçisini qaralamağa yönələn fikirlər səsləndirirlər:
“Ermənistan mediası hadisəni geniş şəkildə işıqlandıraraq Azərbaycan ordusunu mənfi obrazda təqdim etməyə çalışır. Lakin hadisənin necə baş verdiyi və baş verənlərdə kimin hansı məsuliyyət daşıdığı barədə yekun nəticəyə gəlmək üçün araşdırmanın nəticələrini gözləmək lazımdır. Nəsimi Musayevin Ermənistanda nə qədər müddət saxlanılacağına gəlincə, hesab edirəm ki, istintaq başa çatdıqdan sonra onun Azərbaycana təhvil verilməsi mümkün ola bilər. Bundan sonra hadisənin təfərrüatlarına və araşdırmanın nəticələrinə uyğun olaraq, onunla bağlı hüquqi qərar verilə bilər. Hazırda konkret nəticə barədə danışmaq üçün kifayət qədər məlumat yoxdur”.
Ü. Cəfərov vurğulayıb ki, Azərbaycan hərbçisinin daha tez qaytarılması üçün hansı hüquqi imkanların mövcud olduğuna gəlincə, düşünürəm ki, bu məsələ dövlət başçıları arasında müzakirə olunub:
“Ermənistanın baş naziri Nikol Paşinyan və müdafiə naziri Suren Papikyanın açıqlamaları onun uzun müddət Ermənistanda saxlanılmayacağına dair ümid yaradır. Eyni zamanda, Azərbaycanın indiyədək erməni hərbçilərini qarşılıq gözləmədən Ermənistana qaytarması da bu məsələdə nəzərə alınmalı məqamdır. Ümid edirəm ki, Nəsimi Musayev tezliklə Azərbaycana qaytarılacaq və Azərbaycan Silahlı Qüvvələrinin sıralarına dönəcək. Bundan sonra onunla bağlı müvafiq hüquqi prosedurlar həyata keçirilə bilər. Əgər təqsiri müəyyən olunarsa, qanunvericiliyə uyğun tədbirlər görülməli, təqsiri təsdiqlənməzsə, xidmətini davam etdirməsi məsələsinə baxılmalıdır”.
Nuray Mehtiyeva
18:00 14.10.2026
Oxunuş sayı: 66