Qarabağ iqtisadiyyatında yeni mərhələ: hədəf investisiya və məşğulluq
Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma mərhələsi iqtisadi inkişafın sürətləndirilməsi ilə davam edir. İndiyədək regionun bərpasına dövlət büdcəsindən 25,5 milyard manat vəsait ayrılıb, sahibkarlar üçün vergi və gömrük güzəştləri, maliyyə dəstəyi mexanizmləri tətbiq edilib. Oktyabrın 14-də Bakıda açılan 6-cı “Rebuild Garabagh” sərgisi fonunda Prezident İlham Əliyev Böyük Qayıdışın növbəti mərhələsinin əsas hədəflərini açıqlayıb. Bu mərhələdə özəl investisiyaların, daimi məşğulluğun və ixracyönümlü istehsalın genişləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatında yeni artım mərkəzinə çevrilməsi nəzərdə tutulur.
Cross Media Təhlil Mərkəzinin analitiki, iqtisad üzrə fəlsəfə doktoru, dosent, "İqtisadiyyat və Hüquq" İctimai Birliyinin sədri Aqil Eyvazov Crossmedia.az-a açıqlamasında bildirib ki, əsas məqsəd bölgədə insanların sabit gəlir əldə edə bildiyi, müəssisələrin isə uzunmüddətli fəaliyyət göstərdiyi iqtisadi mühit formalaşdırmaqdır.

Aqil Eyvazovun sözlərinə görə, insanların doğma torpaqlarına qayıtması ilə yanaşı, orada işləməsi və biznes qurması üçün əlverişli şərait yaradılmalıdır: “Qarabağ və Şərqi Zəngəzurun yeni iqtisadi artım mərkəzinə çevrilməsi üçün əsas məsələ insanların orada yaşamaqla yanaşı, işləməsi, gəlir qazanması və öz biznesini qurmasıdır. Buna görə investisiya siyasəti ilə əhalinin qayıdışı bir-birini tamamlamalıdır”.
Analitik qeyd edib ki, mövcud güzəştlər və maliyyə dəstəyi mexanizmləri sahibkarlar üçün əlçatan olmalı, inzibati prosedurlar isə sadələşdirilməlidir: “Bu gün həmin ərazilərdə vergi və gömrük güzəştləri, sosial sığorta subsidiyaları və maliyyə dəstəyi mexanizmləri mövcuddur. Məncə, növbəti addım sahibkarın bu imkanlardan rahat istifadə etməsini təmin etməkdir. Torpaq ayrılması, icazələr və kommunal şəbəkələrə qoşulma prosesləri aydın və çevik olmalıdır. İnvestor müəssisəni hansı xərclə və nə vaxt işə sala biləcəyini əvvəlcədən bilməlidir”.
Aqil Eyvazovun fikrincə, istehsal müəssisələrinin fəaliyyətə başlaması və gəlir əldə etməsi üçün maliyyələşmə mexanizmləri onların ehtiyaclarına uyğun qurulmalıdır: “Maliyyələşmə də istehsalın xüsusiyyətlərinə uyğun qurulmalıdır. Müəssisə gəlir əldə edənədək ona vaxt verən uzunmüddətli maliyyə alətləri, avadanlıq lizinqi və paylı investisiya imkanları genişləndirilməlidir. Eyni zamanda, kiçik sahibkarların iri müəssisələrlə əməkdaşlığı təşviq olunmalıdır. Məsələn, fermerin məhsulunu alacaq emal müəssisəsi ilə əvvəlcədən müqaviləsinin olması onun fəaliyyətini daha inamla planlaşdırmasına kömək edər”.
Analitik vurğulayıb ki, bölgədə daimi məşğulluğun təmin olunması üçün peşə hazırlığı və ixrac dəstəyi də iqtisadi siyasətin mühüm istiqamətləri olmalıdır: “Daimi iş yerləri üçün qayıdan insanların peşə hazırlığı müəssisələrin ehtiyaclarına uyğun təşkil edilməlidir. İxraca yönələn biznesə isə sertifikatlaşdırma, qablaşdırma, saxlama və daşınma məsələlərində dəstək göstərilməlidir”.
Aqil Eyvazov dövlət dəstəyinin nəticələrinin konkret iqtisadi göstəricilər əsasında qiymətləndirilməsinin vacibliyini bildirib: “Dövlət dəstəyinin səmərəsini yaradılan və qorunan iş yerləri, istehsal və satış nəticələri ilə ölçməyi vacib hesab edirəm. Əsas hədəf bölgədə insanların sabit gəlir qazandığı, müəssisələrin isə uzun müddət fəaliyyət göstərə bildiyi iqtisadi mühit yaratmaqdır”.
Nigar Xəlilli
18:30 14.10.2026
Oxunuş sayı: 46