İqlim böhranı, yoxsa təbii dövr? Xəzərin taleyi necə olacaq?
İqlim dəyişmələri ilə mübarizə və ətraf mühitə təsirlərin azaldılması beynəlxalq əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Azərbaycan da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası, Kioto Protokolu və Paris Sazişi çərçivəsində həyata keçirilən təşəbbüslərdə iştirak edir. Bu istiqamətdə ölkəmizdə beynəlxalq iqlim tədbirlərinin təşkili və iqlim dəyişmələrinə uyğunlaşma məsələləri üzrə əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan hökuməti ilə müvafiq beynəlxalq konvensiyaların katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasına dair Anlaşma Memorandumunun təsdiqlənməsi haqqında qanun layihəsinin parlamentin müzakirəsinə təqdim olunması da bu əməkdaşlığın hüquqi əsaslarının rəsmiləşdirilməsi baxımından diqqət çəkir. Sənədin müzakirəsi tədbirlərin təşkili, iqlim dəyişmələrinə uyğunlaşma və beynəlxalq öhdəliklərin icrası ilə bağlı məsələləri yenidən gündəmə gətirir.
Ekoloq Ənvər Əliyev Crossmedia.az-a açıqlamasında iqlimdə baş verən dəyişiklikləri təbii dövri proseslərlə əlaqələndirib və beynəlxalq konfransların bu proseslərə təsir imkanlarına skeptik yanaşıb: “Planetin 4,5 milyard il yaşı var. Onun iqlimi müəyyən müddətdən sonra formalaşıb. İqlim şəraiti bu planeti insan üçün yararlı hala gətirib, rütubət yaradıb, torpaq əmələ gəlib, biosistem yaranıb. Bunların əksəriyyəti hansısa iclasların keçirilməsi və ya xüsusi tədbirlərin görülməsi nəticəsində baş verməyib. Planetin həyatı öz təbii prosesləri ilə formalaşıb”.
O, iqlim problemlərinin həlli ilə bağlı keçirilən beynəlxalq tədbirlərin nəticəliliyini də şübhə altına alıb: “Konfrans keçirməklə, iclaslar təşkil etməklə, pul toplamaqla, sonra onu başqa istiqamətlərə xərcləməklə məsələ həll olunmur. İqlimi dəyişdirən amillər dəyişməsə, iqlim də dəyişə bilməz. Heç bir anlaşma və ya iclasla iqlim dəyişmələrinin qarşısını almaq, yaxud iqlimi dəyişdirmək mümkün deyil”.
Ənvər Əliyev iqlimdə müşahidə olunan dəyişikliklərin Yer kürəsindəki təbii dövrlərlə əlaqəli olduğunu düşünür. O, bu fikrini əsaslandırarkən yağıntı və buxarlanma, eləcə də Yer kürəsinin enerji balansı məsələlərinə diqqət çəkib: “Ümumiyyətlə, Yer kürəsinin iqlimini formalaşdıran amillər dəyişməsə, onun iqlimi də dəyişə bilməz. Düşən yağıntı buxarlanmaya, daxil olan enerji isə geri qaytarılan enerjiyə bərabərdirsə, burada nə itki, nə də qeyri-adilik ola bilər”.
Ekoloq iqlim dəyişmələrinin müəyyən dövrlərlə təkrarlana biləcəyini qeyd edərək Xəzər dənizinin səviyyəsindəki dəyişiklikləri nümunə göstərib: “Planetin iqlim dəyişmələri, təxminən hər 30-35 ildən bir baş verən dövrlərlə əlaqəlidir. Bunun bariz nümunəsi Xəzər dənizinin səviyyəsidir. Bir müddət quraqlıq dövrü müşahidə olunur, sonra isə nisbətən rütubətli dövr başlayır”.
O, Xəzər dənizinin səviyyəsinin yenidən yüksəlməsini və ekosistemin əvvəlki vəziyyətinə yaxınlaşmasını arzuladığını da bildirib: “Uzun müddətdir quraqlıq dövrü yaşanır. Arzu edərdim ki, Xəzər dənizinin səviyyəsinin yenidən yüksəlməsinə şərait yaradacaq yağıntılı dövr başlasın və ekosistem əvvəlki səviyyəsinə qayıtsın”.
Nigar Xəlilli
17:45 14.10.2026
Oxunuş sayı: 54