Aİ Çinlə sanksiya qarşıdurmasında geri addım atmağa hazırlaşır
Avropa İttifaqı Çinlə geosiyasi qarşıdurma və kritik texnologiyaların təchizat zəncirinin sabitliyini qorumaq arasında çətin seçim qarşısında qalıb. Brüsselin Çin şirkətinə qarşı sanksiyaları ləğv etməklə Avropanın yarımkeçiricilər sənayesində mümkün fasilələrin qarşısını almağa çalışdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Aİ-nin Rusiyaya qarşı 21-ci sanksiyalar paketinə Rusiya hərbi-sənaye kompleksinə yardım etdiyi bildirilən bir sıra Çin şirkətləri daxil edildikdən sonra Pekin cavab məhdudiyyətləri tətbiq edib.
İyul ayında Çinin sanksiyalarına məruz qalan 13 Avropa müəssisəsi arasında Almaniyanın yüksək dəqiqlikli istehsal və mikroelektronika üçün texnoloji örtüklərin hazırlanması üzrə ixtisaslaşmış “Sindlhauser Materials” şirkəti də yer alıb.
Məlumata görə, Almaniya şirkəti xammal və nadir torpaq metalları üzrə tədarük mənbələrini şaxələndirməyə vaxtında nail olmayıb və demək olar ki, tamamilə Çindən gələn təchizatdan asılıdır. İdxal bərpa olunmasa, müəssisənin yaxın aylarda fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşə biləcəyi bildirilir.
“Sindlhauser Materials” qlobal təchizat zəncirində mühüm mövqeyə malikdir. Şirkət qabaqcıl süni intellekt çiplərinin istehsalı üçün avadanlıq hazırlayan Niderlandın “ASML” şirkətinin əsas təchizatçılarından biridir.
Mənbənin məlumatına əsasən, Aİ mühüm təchizatçının fəaliyyətini qorumaq və yarımkeçiricilər sənayesində mümkün problemlərin qarşısını almaq üçün Çin şirkətinə qarşı məhdudiyyətlərin ləğvini nəzərdən keçirə bilər.
18:42 14.10.2026
Oxunuş sayı: 49