TCMB üçün şok xəbərdarlıq: Bazar Mərkəzi Bankı qabaqladı!
Almaniyanın “Commerzbank” bankı Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) inflyasiya proqnozlarının bazar gözləntilərindən geri qalması ilə bağlı ciddi xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Forbes Türkiye” məlumat yayıb.
“Commerzbank”ın iqtisadçısı Tatha Ghose bildirib ki, TCMB-nin inflyasiya proqnozlarını mütəmadi olaraq yuxarı istiqamətdə yeniləməsi pul siyasətinin proqnozlaşdırılmasını çətinləşdirə və Mərkəzi Bankın etibarlılığına mənfi təsir göstərə bilər.
Onun sözlərinə görə, mərkəzi bankların inflyasiya proqnozlarının əsas funksiyalarından biri bazar gözləntilərinə istiqamət vermək və iqtisadi iştirakçıların gələcəyə dair gözləntilərini sabitləşdirməkdir. Lakin Türkiyədə özəl sektor iqtisadçılarının inflyasiya gözləntilərini TCMB-dən əvvəl yeniləməsi Mərkəzi Bankın bu funksiyasını zəiflədir.
Ghose qeyd edib ki, bazar iştirakçılarının inflyasiya perspektivini Mərkəzi Bankdan əvvəl qiymətləndirməsi TCMB proqnozlarının iqtisadi qərarlara istiqamətverici təsirini azalda bilər.
İqtisadçı xəbərdarlıq edib ki, bu tendensiyanın davam etməsi investorların TCMB-nin İnflyasiya Hesabatlarına və ortamüddətli inflyasiya hədəflərinə münasibətini dəyişə bilər. Belə olan halda hesabatlar aktiv proqnozlaşdırma və istiqamətvermə aləti kimi deyil, yalnız müəyyən dövrlərdə açıqlanan rəsmi sənədlər kimi qəbul oluna bilər.
Qeyd edək ki, TCMB avqustun 13-də açıqladığı son İnflyasiya Hesabatında 2026-cı ilin sonuna dair inflyasiya proqnozunu 26 faizdən 28 faizə yüksəldib. Mərkəzi Bank proqnozdakı dəyişikliyin səbəbləri arasında geosiyasi proseslərlə yanaşı, neft, təbii qaz və ərzaq qiymətlərindəki dəyişkənliyi də göstərib.
“Commerzbank” TCMB-nin əvvəlki illərdə də inflyasiya proqnozlarını il ərzində mərhələli şəkildə yuxarı istiqamətdə yenilədiyini xatırladıb. Bankın qiymətləndirməsinə görə, 2024 və 2025-ci illərdə də oxşar tendensiya müşahidə olunub.
“Commerzbank” hesab edir ki, inflyasiya proqnozlarının faktiki göstəricilərdən sonra davamlı şəkildə yenilənməsi TCMB-nin gələcəyə dair gözləntiləri formalaşdırmaq imkanlarını məhdudlaşdırır. Bu isə nəticə etibarilə Mərkəzi Bankın pul siyasətinə və proqnozlarına olan inam baxımından risk yarada bilər.
08:55 28.08.2026
Oxunuş sayı: 58