Pezeşkian və Putin Bişkekdə görüşəcək
İran Prezidenti Məsud Pezeşkian və Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşəcəklər.
Crossmedia.az xəbər verir ki, “Mehr News” bu barədə məlumat yayıb. İranın Rusiyadakı səfiri Kazım Cəlalinin sözlərinə görə, görüş Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək ŞƏT sammiti çərçivəsində baş tutacaq. Cəlali bildirib ki, Pezeşkian və Putin qarşıdakı görüş də nəzərə alınmaqla, indiyədək 6 dəfə üz-üzə görüşüblər. İki ölkə lideri arasında 6 telefon danışığının da baş tutduğu qeyd edilib.
Görüşün İran və Rusiya arasında ikitərəfli münasibətlər, regional proseslər və qarşılıqlı əməkdaşlıq baxımından əhəmiyyət daşıması gözlənilir. Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin Qırğızıstanın sədrliyi ilə sentyabrın 1-də Bişkekdə keçirilməsi planlaşdırılır. Sammitdə təşkilata üzv ölkələrin liderlərinin regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və digər aktual məsələləri müzakirə edəcəyi gözlənilir. Pezeşkian və Putinin görüşünün gündəliyində regional təhlükəsizlik məsələləri ilə yanaşı, Tehran və Moskva arasında mövcud əməkdaşlığın inkişaf perspektivlərinin də müzakirə olunacağı ehtimal edilir.
13:41 26.08.2026
Oxunuş sayı: 44