Tramp Krım barədə mübahisəli fikrini təkrarladı: Dörd tərəfdən okeandır
ABŞ Prezidenti Donald Tramp Krımın dörd tərəfdən okeanla əhatə olunduğunu yenidən iddia edib və yarımadanı Ukraynanın ən qiymətli ərazisi adlandırıb.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə açıqlamasında danışıb.
O bildirib ki, Krımla bağlı vəziyyətin başlanğıcı Barak Hüseyn Obamanın prezidentliyi dövrünə gedib çıxır. Trampın sözlərinə görə, həmin vaxt Ukrayna Krımı təhvil verməyə məcbur edilib.
“Krım böyük fərqlə Ukraynanın ən qiymətli hissəsidir. Başa düşürsünüz, nə demək istəyirəm? Dörd tərəfdən okeanla əhatə olunub, ən gözəl torpaq parçasıdır. Mən daşınmaz əmlak sahəsində fəaliyyət göstərirəm, yaxşı əmlakı tanıyıram”, – deyə Tramp bildirib.
Qeyd edək ki, Krım yarımadadır və Qara dənizlə Azov dənizi arasında yerləşir. Okeanla deyil, dənizlərlə əhatə olunub. Trampın bu fikri onun yarımada ilə bağlı daha əvvəl səsləndirdiyi açıqlamaları yenidən gündəmə gətirib.
10:14 16.10.2026
Oxunuş sayı: 118