Vaşinqton silah ehtiyatlarını artırmağa çalışır: Müttəfiqlərə satışlar dayandırılıb
ABŞ Prezidenti Donald Tramp ölkənin silah ehtiyatları tam bərpa edilənədək müttəfiqlərə silah satışının məhdudlaşdırıldığını bildirib.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” agentliyi bu barədə Trampın “Newsmax” telekanalına müsahibəsinə istinadən məlumat yayıb.
Trampın sözlərinə görə, hazırda ABŞ sursatı öz ehtiyacları üçün saxlayır. O qeyd edib ki, ölkənin silah ehtiyatları tam şəkildə bərpa olunduqdan sonra müttəfiqlərə yenidən ABŞ-dən silah almağa icazə veriləcək.
Ağ Ev rəhbəri yaranmış vəziyyətə görə sələfi Co Baydeni günahlandırıb. Onun iddiasına görə, Bayden Ukraynaya böyük həcmdə silahı ödənişsiz verib.
Qeyd edək ki, Tramp iyul ayında İranla müharibə kontekstində ABŞ-də silah çatışmazlığı olduğu barədə iddiaları təkzib etmişdi. O zaman ABŞ-nin dünyadakı istənilən ölkədən daha çox sursat ehtiyatına malik olduğunu bildirmişdi.
Avqustda isə Pentaqon rəhbərliyinin sursat çatışmazlığı və təchizat məsələlərini müzakirə etmək üçün təcili toplantı keçirdiyi barədə məlumat yayılmışdı. Bu görüşün Trampın nazir müavini, təchizat məsələlərinə cavabdeh Stiven Faynberqlə telefon danışığından sonra keçirildiyi bildirilirdi.
10:50 16.10.2026
Oxunuş sayı: 114