Trampdan sərt qərar: ABŞ müttəfiqlərinə silah-sursat satışını dayandırır
ABŞ Prezidenti Donald Tramp ölkəsinin öz hərbi ehtiyatlarını artırmaq məqsədilə müttəfiq dövlətlərə silah-sursat satışını müvəqqəti dayandırdığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə “Newsmax” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Vaşinqton hazırda öz arsenalını gücləndirməyə üstünlük verir və ehtiyatlar kifayət qədər artırıldıqdan sonra müttəfiqlərə satış bərpa olunacaq.
ABŞ lideri sabiq prezident Co Baydeni Ukraynaya milyardlarla dollar dəyərində hərbi yardım göstərdiyinə görə tənqid edib. O vurğulayıb ki, hazırkı administrasiya Avropa ölkələrindən Amerika silahlarının dəyərini ödəməyi tələb edir.
“Mən Avropa İttifaqına dedim ki, sizə heç nəyi pulsuz verməyəcəyəm. Ödəniş etməlisiniz. Onların kifayət qədər pulu var. Onlar bizə pul ödəyirdilər, biz isə silah-sursat göndərirdik. Bu sistem işləyirdi”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti müsahibəsində Ukraynaya göndərilən hərbi yardımla bağlı da ittiham səsləndirib. O iddia edib ki, Kiyev Vaşinqtondan aldığı raketlərin bir hissəsini açıq bazarda satıb.
“Ukraynaya göndərdiyimiz pullar haradadır? Bütün o avadanlıqlar hara yoxa çıxıb? İnsanlar onları satırdılar. Bayden onlara raketlər verirdi, onlar isə həmin raketləri satırdılar”, – deyə Tramp qeyd edib.
Qeyd edək ki, Trampın Ukraynaya verilən raketlərin satılması ilə bağlı iddialarını təsdiqləyən müstəqil sübutlar təqdim olunmayıb.
11:01 16.10.2026
Oxunuş sayı: 53