Mətbuat Şurasının sədri Rəşad Məcid hesabat verib
Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub. Onların böyük bir qismi – 691-i katibliyin də həllini tapıb, tərəflər arasında anlaşıb, razılığa gəlinib.
Crossmedia.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan jurnalistlərinin IX qurultayında çıxışı zamanı deyib.
O qeyd edib ki, digər 124 şikayət üzrə razılığa gəlinmədiyindən toplanmış materiallar baxılmaq üçün şuranın şikayətlər üzrə komissiyasına təqdim edilib.
“Şikayətlər üzrə komissiyada baxılan 124 məsələdən 86-sı komissiya səviyyəsində həllini tapıb. 38 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün idarə heyətinə təqdim edilib. Beləliklə, şuranın idarə heyəti qurultaylar arası dövrdə ümumilikdə 38 qərar çıxarıb.
Qərarlarda əsasən jurnalistlərin qarşı tərəfin mövqeyini işıqlandırılmasına etinasız yanaşmaları vurğulanıb, müvafiq tövsiyələr ünvanlanıb. Onu da bildirək ki, katiblik səviyyəsində həllini tapmış bir çox şikayətlərdən başqa şuraya şifahi müraciətlər də daxil olub. Onların sayı rəsmi qaydada göndərilmiş şikayətlərin sayından təxminən iki dəfə çoxdur.
Əlbəttə, bir çox hallarda bu cür şikayətlərdə jurnalistlərdən narazılıq ifadə olunsa da, əslində mahiyyət mətbuat şurasının səlahiyyətlərindən uzaq olub. Bununla belə şifahi qaydada tərəflərə danışıqlar yolu ilə həll etdiyimiz məsələlər kifayət qədər çoxdur”,- deyə o bildirib.
Daha sonra Azərbaycan Mətbuat Şurasının Nəzarət Təftiş Komissiyasının sədri Rey Kərimoğlu şuraya daxil olan şikayətlər, həll edilən məsələlərlə bağlı hesabat təqdim edib. Mühasibatlıq və təsərrüfat işlərinin bütün qaydalara uyğun, səhvsiz aparıldığını bildirib
10:48 16.10.2026
Oxunuş sayı: 131