Ukraynanın hava müdafiəsində raket böhranı: “Patriot” ehtiyatları tükənir
Ukraynada Rusiyanın intensivləşən hava hücumları fonunda “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatları kritik həddə çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-ın “The Washington Post” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Ukraynalı rəsmilərdən birinin sözlərinə görə, oktyabrın 7-nə olan məlumata əsasən, ölkənin sərəncamında cəmi 10 ədəd “Patriot” raketi qalıb. Həmin raketlərin böyük hissəsi artıq istifadə edildiyindən hazırda ehtiyatda yalnız bir neçə raketin olduğu bildirilir.
Nəşrin digər mənbəsi isə raket ehtiyatlarının tamamilə tükəndiyini iddia edib.
NATO nümayəndələri Ukraynaya hərbi təchizatın davam etdiyini bildirsələr də, Kiyev rəsmiləri may ayından etibarən raket tədarükünün qeyri-müntəzəm xarakter aldığını vurğulayıblar.
Ukrayna tərəfi gələcəkdə yeni raketlərin göndəriləcəyinə dair konkret təminatın olmadığını qeyd edib.
Bildirilir ki, mövcud vəziyyət Rusiyanın raket hücumlarına qarşı Ukraynanın hava hücumundan müdafiə imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
12:28 16.10.2026
Oxunuş sayı: 140