Körpənizi təbii üsulla müalicə etməyin! - Pediatr səbəbləri açıqladı
Son illər valideynlər arasında "təbii olan zərər verməz" fikrinin geniş yayılması pediatrlar tərəfindən ciddi narahatlıqla qarşılanır. Bir çox halda "təbii" sözünün "təhlükəsiz" mənasını vermədiyini bildirən mütəxəssislər xəbərdarlıq edirlər ki, bitki vasitələrinin tərkibi standartlaşdırılmır və təsir edici maddənin dəqiq dozasını bilmək mümkün deyil. Uşaq orqanizminin böyüklərə nisbətən dəfələrlə həssas olduğunu nəzərə alsaq, hər bir bitki vasitəsi dərman kimi yan təsir, allergiya və zəhərlənmə riski daşıyır. Ən acınacaqlı məqam isə evdə çay və kompreslərlə vaxt itirildiyi zaman pnevmoniya, otit, streptokok anginası və sidik yolu infeksiyası kimi xəstəliklərin ağırlaşmasıdır. Bitki vasitələri xəstəliyin səbəbini müalicə etmir, astma, epilepsiya və diabet kimi patologiyalarda həkim təyinatını bitkilərlə əvəz etmək və ya antibiotiki özbaşına dayandırmaq həyati təhlükə yaradır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən pediatr-infeksionist Aytən Ziyadova xalq təbabətində tez-tez tətbiq edilən, lakin uşaqlar üçün ölümcül ola biləcək konkret təhlükələri diqqətə çatdırıb:

"Konkret təhlükələrə toxunsaq, bal bir yaşdan kiçik uşağa verilməməlidir, çünki körpə botulizmi riski var. Mentol, kamfora və evkalipt yağları körpələrin və kiçik uşaqların burun-üz nahiyəsinə sürtülməməlidir. Bu, qırtlaq spazmına və nəfəs dayanmasına, kamfora isə qıcolmalara səbəb ola bilər. Efir yağlarını içirtmək də olmaz. Bitki çayları, razyana, şüyüd və digər otlar körpələrə, xüsusilə altı aya qədər verilməməlidir — bəziləri qaraciyərə zərərlidir, bəziləri allergiya yaradır. Hərarəti düşürmək üçün spirt, sirkə və ya araqla ovmaq da yolverilməzdir: maddə dəri vasitəsilə sorulur, zəhərlənməyə və soyumağa gətirib çıxarır. Xardal, banka, isti kompres və isti buxar inhalyasiyası yanıq riski yaradır. Qulağa spirt, sarımsaq yağı kimi vasitələr damcılamaq da təhlükəlidir, xüsusilə qulaq pərdəsi zədəlidirsə. Pasterizə olunmamış süd və süd məhsulları isə bruselyoz və digər ağır infeksiyalara yol açır.
Təhlükəsiz dəstəkləyici tədbirlər də var: bol maye, istirahət, burnun fiziki məhlulla təmizlənməsi, otaqda nəm hava və bir yaşdan sonra öskürək zamanı bal. Amma bunlar müalicəni əvəz etmir, yalnız uşağın vəziyyətini yüngülləşdirir."
Aytən Ziyadova həkim müayinəsinin ləngidilməməli olduğu kritik hallara da aydınlıq gətirib:
"Üç aya qədər körpədə hərarət 38 dərəcə və yuxarıdırsa, hərarət üç gündən çox davam edirsə və ya dərmanla düşmürsə, nəfəs darlığı, sürətli nəfəsalma, qabırğaarası çökmə, dodaqların göyərməsi varsa, uşaq qeyri-adi yuxulu və halsızdırsa, içməkdən imtina edirsə, səkkiz saat sidik ifraz etməyibsə, qıcolma, boyun tutulması, güclü baş ağrısı, basanda itməyən səpgi varsa, təkrarlanan qusma və ishal, susuzlaşma əlamətləri görünürsə, güclü qulaq ağrısı, axsama, oynaqda şişkinlik varsa həkimə müraciət olunmalıdır. Uşaq bitki, efir yağı və ya naməlum vasitə qəbul edibsə, dərhal təcili yardım çağırılmalıdır. Valideynlərə müraciətim isə budur: bitki vasitəsindən istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşin. Evdə müalicəyə nə qədər çox vaxt sərf olunarsa, ağırlaşma riski bir o qədər artır. Övladınızın sağlamlığı təcrübə üçün yox, sübuta əsaslanan tibbi yanaşma üçündür."
Zeynəb Həsən
10:00 16.10.2026
Oxunuş sayı: 54