9 nəfər Çinə server göndərməkdə ittiham olunur
Tayvan hakimiyyəti ABŞ-nin ixrac məhdudiyyətlərini aşaraq yüksək səviyyəli süni intellekt serverlərinin Çinə göndərilməsi ilə bağlı 9 nəfərə qarşı ittiham irəli sürüb.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
İttiham olunanlar arasında “Nvidia” şirkətinin Tayvandakı əməkdaşı, “Super Micro” şirkətinin iki əməkdaşı, həmçinin digər texnologiya şirkətlərinin nümayəndələri var. İstintaqa görə, şübhəlilər Çində istifadəsi qadağan olunan “Nvidia”nın yüksək səviyyəli B300 çipləri ilə təchiz edilmiş serverlərin ölkəyə göndərilməsini təşkil ediblər.
Məlumata görə, 130 serverin Tayvanda istifadə olunacağı görüntüsü yaradılıb və bunun üçün saxta sənədlərdən istifadə edilib. Onlardan 74-ü müxtəlif marşrutlarla, o cümlədən İndoneziya, Yaponiya və Honq-Konq üzərindən Çinə çatdırılıb. Daha 56 server isə Tayvan gömrük orqanları tərəfindən saxlanılıb.
Tayvan prokurorları bildiriblər ki, təqsirləndirilən şəxslər “Nvidia” və “Super Micro” şirkətlərinin Çinə ixracla bağlı ciddi daxili nəzarət qaydalarından xəbərdar olublar. İstintaq onların bu sxemdən böyük gəlir əldə etmək məqsədilə istifadə etdiyini iddia edir.
ABŞ 2022-ci ildən etibarən Çinin qabaqcıl süni intellekt texnologiyalarına çıxışını məhdudlaşdırmaq məqsədilə bir sıra ixrac nəzarəti tədbirləri tətbiq edib. Tayvandakı son araşdırma isə bu məhdudiyyətlərin yan keçilməsi ilə bağlı narahatlıqları daha da artırıb.
03:40 26.08.2026
Oxunuş sayı: 45