Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə iştirak edib. Görüşdə regional və qlobal əməkdaşlığın, təhlükəsizliyin təmin olunması istiqamətində danışıqlar aparılaraq, mühüm qərarlar qəbul edilib. Türk dünyasının birliyini gücləndirmək və qarşılıqlı əməkdaşlığı artırmaq baxımından mühüm bir mərhələ olan görüşdə Türk Dünyası Xartiyası və yeddi digər mühüm sənədlər imzalanıb. Lakin görüşlə bağlı təfərrüatları qeyd etməzdən öncə, bir sıra vurğulanmalı vacib nüanslar var. Belə ki, bu məqamda, TDT-nin geosiyasi nizamında və formalaşmasında ölkə başçımızın xüsusi strategiyasının rolunu qeyd etmək mütləqdir. Elə 2009-cu ildə Naxçıvanda yaradıldığı zaman İlham Əliyev bu təşkilatın dünyaya və regiona təsirlərini ölçərək onun strateji mənfəətlərini hesablamışdı ki, 11-ci Zirvə görüşündə Əliyevin "İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir" söyləməsi də məhz bu yola diqqət çəkir.
Görüşdə Azərbaycanın strateji layihəsi olan Orta Dəhliz mövzusuna da yer ayrılıb və qeyd olunub ki, "Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək". İfadələr isə özlüyündə, TDT-nin sözügedən ərazi üzrə strateji əhəmiyyətə malik olması üçün rəqəmsallaşma istiqamətlərinə xüsusi diqqətin ayrılmasını əks etdirir. Bunların hər birini nəzərə alaraq, TDT üzv ölkələrinin ümumi iqtisadi göstəricilərinə nəzər saldıqda, təşkilatın qlobal iqtisadiyyatda artan əhəmiyyətini açıq şəkildə görmək mümkündür. Bu da qeyri-neft sektoru və ticarət sahələrindəki inkişafla sıx şəkildə bağlıdır. Azərbaycan, eləcə də Türk dünyasının iqtisadi əlaqələrinin möhkəmləndirilməsi istiqamətində mühüm strateji əhəmiyyətə malikdir. Bunu, Azərbaycanın, həm Şərq-Qərb nəqliyyat dəhlizindəki mərkəzi rolu, həm də Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması sahəsindəki təşəbbüsləri bir daha göstərir. TDT-nin Bişkek zirvəsində, Azərbaycanda noyabrın 11-dən 22-nə qədər keçiriləcək beynəlxalq tədbirə-COP29-a xüsusi yer ayrılması yeni iqtisadi perspektivlər və əməkdaşlıq imkanları yaratması baxımından strateji əhəmiyyət daşıyır. Bununla əlaqədar, Azərbaycana güclü dəstəyin ifadə olunması da qarşı güclərin tutduğu mövqeyi zəiflədir. Əliyevin görüş müddətində qeyd etdiyi hər bir fikir xüsusi məna kəsb edərək, diqqətdən yayınmır.
Belə ki, ölkə başçımız görüş ərəfəsində əlavə edib ki, "Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək". Bu isə, Azərbaycanın bu istiqamətdə güclü səylərinin göstəricisi olub, Azərbaycan və Türkiyənin faktiki başçılıq etdiyi TDT komandasını daha da gücləndirəcək. Bişkekdə baş tutan 11-ci Zirvə görüşü zamanı İlham Əliyevə "Çingiz Aytmatov" ordenin də təqdim edilməsi, məhz bu səylərə, strateji zəkaya verilən qiymət kimi dəyərləndirilə bilər. Lakin bu dəyər sadəcə ordenlə kifayətlənmir, eləcə də görüş çərçivəsində TDT liderlərinin 12-ci sammitinin 2025-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edilib. Tarixə və sözügedən 11-ci sammitə nəzər saldıqda isə, növbəti il ölkəmizdə baş tutacaq 12-ci sammitin müsbət nəticələr vəd edəcəyi gözləniləndir deyə bilərik.
Aytac Kərimova