Azərbaycan tarixində əhəmiyyətli yer tutan və milli qürurumuzun rəmzi kimi qeyd olunan 8 Noyabr Zəfər Günü, 2020-ci ildə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsinin möhtəşəm nəticəsini təcəssüm etdirir. Məhz bu tarixdə, Azərbaycan Ordusu Qarabağın mədəniyyət paytaxtı sayılan Şuşa şəhərini işğaldan azad edərək müharibənin taleyini müəyyən etdi. Zəfər Günü yalnız hərbi qələbə deyil, eyni zamanda milli ruhun, birlik və əzmin zəfəridir. Müharibə dövründə Azərbaycan xalqının nümayiş etdirdiyi birlik, ordumuzun yüksək hərbi peşəkarlığı və Prezident İlham Əliyevin əzmkar liderliyi qələbəyə aparan əsas amillər oldu.
Müharibənin başlaması:
2019-cu ildən etibarən Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozdu. Bununla Ermənistan, özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirmək və Azərbaycan ərazilərini ilhaq etmək olduğunu bir daha nümayiş etdirdi. Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı və mülki şəxslərdən ibarət “könüllü dəstələr” yaratmaq qərarı bu hazırlıqların bir hissəsi idi. 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törədilməsi və cəbhə xəttinə yaxın ərazilərdə qoşunların cəmləşdirilməsi də Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri, beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutdu. Bu təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar oldu. Azərbaycan Respublikası Silahlı Qüvvələri isə milli təhlükəsizliyə qarşı bu real və potensial hərbi təhdidlərin qarşısını almaq məqsədilə əks-hücum əməliyyatlarına başladı.
Erməni vandalizmi:
Birinci Qarabağ müharibəsində Ermənistanın törətdiyi qırğınlar, soyqırımlar və dağıntılar onların əsl kimliyini ortaya qoymuşdu. Lakin həmin vaxt bu vəhşilikləri dünyaya tanıtmaqda gecikdik. İkinci Qarabağ müharibəsində isə erməni xislətinin bir daha şahidi olduq; Ermənistan hərbi qüvvələri Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhərlərini uzaqvuran raketlər, o cümlədən "SCUD" və "Elbrus" tipli ballistik raketlərlə hədəfə aldı. Gəncə şəhəri bir neçə dəfə hədəfə alınaraq çox sayda mülki şəxs həlak oldu və yaralandı, yaşayış binaları, məktəblər və xəstəxanalar ciddi ziyan gördü. Bərdə şəhərinə hücumlar zamanı kaset bombalarından istifadə olunaraq, çoxlu sayda mülki şəxsə xəsarət yetirildi və dağıntılar yarandı. Bu terror aktları nəticəsində 93 nəfər öldü, 454 nəfər yaralandı, 13,360 ev ziyan gördü, 346 minik maşını zədələndi və 1,018 heyvan öldü. Ermənistanın bu vandallığı dünyaya çatdırıldı və Ermənistan etdiyi vəhşiliklərə görə məsuliyyət daşıdı.
İnformasiya müharibəsi:
İndi müharibələr təkcə cəbhədə getmir; informasiya müharibəsi də ən az cəbhədəki qədər önəmlidir. İkinci Qarabağ müharibəsi müddətində Azərbaycana qarşı xarici mediada qərəzli məlumatlar paylaşıldı və saxta xəbərlərlə dünya mediası çaşdırıldı. Cəbhədə Azərbaycan ordusunu düzgün şəkildə yönləndirən Ali Baş Komandan, informasiya müharibəsində də Azərbaycan həqiqətlərini nümayiş etdirərək çaşqınlıqları aradan qaldırdı. Müharibə ərzində nüfuzlu xəbər portalları İlham Əliyevdən müsahibə aldılar. Jurnalistlərin verdiyi qərəzli suallar İlham Əliyevin dəqiq və tutarlı cavabları ilə neytrallaşdırıldı. Misal üçün, o, oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin ordumuzun Türkiyə və İsrail hərbi texnikasından asılı olduğunu bildirmək istəyən yanaşmasını ifşa etdi və Azərbaycanın öz gücünə güvəndiyini vurğuladı.2020-ci il 6 noyabrda İlham Əliyev BBC-yə müsahibə verdi. Jurnalistin birtərəfli mövqeyi Azərbaycanda insan haqları, azad media və müxalifət haqqında suallarla müharibə mövzusundan uzaqlaşma cəhdlərini ortaya qoydu. İlham Əliyev isə Azərbaycanın azad mətbuatı, internet azadlığı və milyonlarla sosial media istifadəçisi olduğunu vurğulayaraq, Azərbaycanın söz azadlığına verdiyi əhəmiyyəti göstərdi;
“- Onların Azərbaycanda insanların eşitdiyi, lakin malik olmadığı bütün insan haqları olacaqmı? Onların tamamilə azad mediası olacaqmı? Onların səsini qaldırmağa icazəsi olan müxalifəti olacaqmı? Onlar burada, Azərbaycanda insanların malik olmadığı şeylərə malik olacaqmı?
- Siz hesab edirsiniz ki, insanların bu haqları yoxdur? Nəyə görə siz Azərbaycanda insanların azad mediaya və müxalifətə malik olmadığını düşünürsünüz?
- Çünki mənə bu barədə müstəqil mənbələrdən məlumat veriblər.
- Tamamilə feykdir. Tamamilə. Bizim azad mediamız var. Bizim azad internetimiz var. İndi hərbi vəziyyətə görə bizim bəzi məhdudiyyətlərimiz var, lakin əvvəllər heç bir məhdudiyyət yox idi. Azərbaycanda internet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Siz internetin azad olduğu, senzuranın olmadığı və 80 faiz internet istifadəçilərinin olduğu bir ölkədə medianın məhdudlaşdırılmasını təsəvvürünüzə gətirə bilərsiniz? Bizim “Facebook”da milyonlarla insanımız var. Bizdə azad medianın olmadığını necə deyə bilərsiniz? Bu, yenə də qərəzli yanaşmadır. Bu, Qərb auditoriyasında Azərbaycan haqqında bir fikir formalaşdırmaq cəhdidir. Bizim müxalifətimiz var, bizim QHT-lərimiz var. Bizdə azad siyasi fəaliyyət var. Bizdə azad media var. Bizdə söz azadlığı var. Əgər siz bu sualı qaldırdınızsa, mən də sizə bir sual verə bilərəmmi? Siz cənab Assanjla baş verənləri necə qiymətləndirirsiniz? Bu, sizin ölkədə azad mətbuatın təzahürüdür?”
Gözlənilən zəfər:
Azərbaycan Şuşanı azad etməklə 8 noyabrda böyük bir zəfər qazandı. İlk növbədə hərbi infrastrukturun üstünlüyü və xalqın prezidentinə inamı bu zəfərin təməlini təşkil edirdi. Azərbaycan xalqı, ordusu və dövlətinin yaratdığı birlik, Azərbaycan dövlətinin gücünü və şücaətini simvolizə edən bir yumruğa çevrildi. Bu zəfər Cənubi Qafqazda yeni bir dövrün başlanğıcını qoydu, Azərbaycan regionda liderlik mövqeyini gücləndirdi və enerji, təhlükəsizlik və diplomatik sahələrdə yeni imkanlar əldə etdi.
Zəfərdən sonra beynəlxalq siyasətdə Azərbaycan:
Azərbaycanın zəfəri, onun dünya siyasətindəki rolunu da dəyişdi. Böyük güc dövlətləri ilə beynəlxalq sülh məsələlərini müzakirə etməyə və münaqişə edən dövlətlər arasında vasitəçi rolunu oynamağa başladı.
Beynəlxalq İqtisadi və Enerji Əməkdaşlığında Artan Rolu – Xəzər regionunun enerji resurslarına malik olan Azərbaycan, Avropanın enerji təhlükəsizliyində daha böyük əhəmiyyət qazandı və bu, ölkənin Avropa İttifaqı ilə əlaqələrini gücləndirdi.
Türkiyə ilə Strateji Müttəfiqliyin Güclənməsi: Şuşa Bəyannaməsi ilə iki ölkə arasında strateji müttəfiqlik yeni səviyyəyə qalxdı. Azərbaycan-Türkiyə tandemi regionda yeni strateji balans yaratdı və Cənubi Qafqazda sabitliyin təmin olunmasında əsas rol oynadı.
Rusiyanın Regional Siyasətində Yeni Yanaşma: Azərbaycanın müstəqil xarici siyasət yürütməsi Rusiya ilə əlaqələrdə qarşılıqlı hörmətin əsas götürüldüyünü göstərir. Rusiya, Azərbaycanın regionda sabitliyə töhfə verən tərəfdaş olduğunu qəbul edir.
İranla Münasibətlərdə Dəyişikliklər: Müharibə nəticəsində İran sərhədlərində Azərbaycan bayrağının dalğalanması İran üçün yeni bir reallıq yaratdı. Azərbaycan diplomatik vasitələrlə əlaqələri normallaşdırmağa çalışdı və İranla iqtisadi və nəqliyyat layihələrində əməkdaşlıq etdi.
Beynəlxalq Təşkilatlarda Müstəqil və Prinsipial Siyasət: Azərbaycan, xüsusilə Qoşulmama Hərəkatının sədri kimi, qlobal həmrəylik nümayiş etdirdi. Bu mövqe onun beynəlxalq nüfuzunu artırdı.
İslam Dünyasında Artan Nüfuz: Bir çox müsəlman ölkələri Azərbaycanın yanında yer aldı və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verdi. Müharibədən sonra Azərbaycanın İslam dünyasında nüfuzu artdı.
Qərb Ölkələri və ABŞ ilə Münasibətlərdə Yeni Perspektivlər: Avropa İttifaqı və ABŞ Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini dəstəklədi və onunla iqtisadi, enerji sahələrində əməkdaşlıq etməyə başladı.
Qoşulmama Hərərkatı:
Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycan, müharibə və ondan sonrakı dövr ərzində beynəlxalq aləmdəki nüfuzunu artırmağa müvəffəq oldu. Hərəkatın təməl prinsiplərindən biri olan dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qorunması, xüsusilə Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyərək, ölkəmizin haqlı mövqeyini dünya ictimaiyyətinə tanıtmağa kömək etdi.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi, ona yalnız bölgə daxilində deyil, həm də daha geniş bir miqyasda siyasi və iqtisadi əlaqələr qurmaq imkanı verdi. Dövlətlərarası münasibətlərdə müstəqilliyin və qarşılıqlı hörmətin vurğulanması, Azərbaycanın beynəlxalq arenadakı mövqeyini gücləndirdi və ölkəyə beynəlxalq dəstəyin artmasına səbəb oldu. Müharibənin nəticələri və ardınca ortaya çıxan reallıqlar, Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın diplomatik aktivliyini daha da artırdı, həmçinin digər dövlətlər ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını genişləndirdi.
Türk Dövlətləri Təşkilatı:
Türk Dövlətləri Təşkilatının (TDT) İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyinə verdiyi dəstək, müharibənin nəticələrinə və Azərbaycanın qələbəsinə birbaşa müsbət təsir göstərdi. TDT, Azərbaycanla güclü tarixi, mədəni və strateji əlaqələrə malik olan bir təşkilat olaraq, müharibə zamanı və sonrasında Azərbaycanı siyasi və diplomatik sahədə dəstəklədi.
Türk Dövlətləri Təşkilatının üzv ölkələri, müharibə zamanı bir-birinə həm siyasi, həm də logistika baxımından yardım göstərərək, Azərbaycanın hərbi və strateji mövqeyini dəstəklədilər. Həmçinin, müharibədən sonra TDT-nin üzv dövlətləri arasında Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpası üçün əməkdaşlıq təşəbbüsləri gündəmə gəldi. Bu, Azərbaycanın müharibədən sonrakı bərpa prosesinə müsbət təsir etdi və ölkə ilə təşkilat arasında əlaqələrin daha da möhkəmlənməsinə səbəb oldu.
COP29 tədbiri:
COP29 tədbirinə Azərbaycanın ev sahibliyi etməsi, 2020-ci ildəki İkinci Qarabağ müharibəsindən əldə edilən qələbənin nəticələrindən biridir. Bu zəfər, Azərbaycanın beynəlxalq nüfuzunu və diplomatik gücünü artıraraq, ölkəni regionda və dünyada daha etibarlı tərəfdaş halına gətirdi. Qarabağ müharibəsindən sonra Azərbaycanın artan gücü və mövqeyi, onun beynəlxalq enerji və ekoloji məsələlərdə daha aktiv iştirak etməsinə şərait yaratdı. COP29-a ev sahibliyi, Azərbaycanın qlobal enerji təhlükəsizliyi və ekoloji siyasət sahəsindəki mövqeyini gücləndirərək, ölkənin dünyanın ən mühüm müzakirə mövzularında bir lider olaraq tanınmasına imkan verdi. Bu, Azərbaycanın müstəqil xarici siyasətinin və ərazi bütövlüyünü bərpa etməsinin birbaşa nəticəsi olaraq, beynəlxalq aləmdəki mövqeyinin möhkəmlənməsini göstərir.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan dünya siyasətində daha nüfuzlu bir aktor kimi çıxış edir. Bu zəfər Azərbaycanın beynəlxalq münasibətlərdə prinsipial mövqeyini, regionda sülh və sabitlik üçün gördüyü işləri və enerji bazarında etibarlı tərəfdaş rolunu möhkəmləndirdi. Azərbaycan dünya arenasında müstəqil, güvənilən və prinsipial siyasət yeridən bir ölkə kimi qəbul edilir.
Beləliklə, 8 Noyabr Zəfər Günü – Azərbaycan xalqının mübarizə, əzm və birliklə qazandığı müqəddəs bir qələbədir. Bu zəfər yalnız Qarabağın azadlığı deyil, həm də illərdir ürəyimizdə daşıdığımız torpaq həsrətinin sonudur. İkinci Qarabağ müharibəsi zamanı xalqımızın göstərdiyi iradə, döyüş meydanında əsgərlərimizin sərgilədiyi rəşadət, milli ruh və qətiyyətlə güclənmiş Azərbaycan bayrağı bir daha zirvələrdə dalğalandı. Bu bayraq altında qazandığımız zəfər, gələcək nəsillərə qürurla danışacağımız bir tarix yaratdı.
Bugün bizlər üçün təkcə bir qələbə deyil, həm də azadlıq uğrunda verdiyimiz hər bir qurbanın, şəhidlərimizin müqəddəs xatirəsinin simvoludur. Xalqımızın iradəsi, həmrəylik ruhu və vətən sevgisi Azərbaycanı yeni, qüdrətli bir gələcəyə aparır. Əldə etdiyimiz bu zəfər göstərdi ki, Azərbaycan xalqı torpağını, haqlarını qorumaq üçün həmişə bir yumruq kimi birləşməyə hazırdır. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Ayhan Ağarzayev