İqtisadi

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Qırğızıstanın Bişkek şəhərində keçirilən 11-ci Zirvə görüşü, Türk dünyasının birliyini daha da möhkəmləndirmək və qarşılıqlı əməkdaşlığı gücləndirmək baxımından mühüm bir mərhələdir. "Türk Dünyasının Gücləndirilməsi: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və Hamı üçün Təhlükəsizlik" şüarı altında keçirilən Zirvə görüşündə TDT-nin gələcək inkişafına dair əhəmiyyətli razılaşmalar əldə edilib. Türk Dünyası Xartiyası, Türk Dünyasının yaşıl vizyonunu müəyyən edən "Birləşmiş Dayanıqlı Gələcək" qətnaməsi, 2025-ci il üçün Bişkek şəhərinin TDT-nin rəqəmsal paytaxtı elan edilməsi və Macarıstan Baş naziri Viktor Orbana Türk Dünyasının Ali Ordeninin verilməsi, TDT-nin daimi nümayəndəliklərinin statusu və TDT-nin bayrağıı ilə bağlı sənədlər qəbul edilib ki, bu da Zirvə görüşündən öncə də ehtimal edildiyi kimi, TDT-nin birliyi və daha da güclənməsi üçün olduqca mühüm əhəmiyyət kəsb edir.

Ümumilikdə, qəbul edilən qərarlar, TDT üzvləri arasında müsbət dinamika ilə müşahidə olunan iqtisadi-ticari əlaqələri daha da inkişaf etdirəcəkdir. Türk dünyası arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, davamlı inkişafın təşviqi, rəqəmsal transformasiyanın reallaşdırılması, regional təhlükəsizlik məsələlərinin müzakirə olunduğu XI Zirvə görüşündə TDT-ə üzv ölkələr arasında iqtisadi əlaqələrin dərinləşməsini təmin etmək məqsədilə, Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası, Türkiyə və Özbəkistan Mərkəzi banklarının sədrləri tərəfindən “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın yaradılmasına dair memorandum imzalanıb. Şuranın əsas funksiyası monetar siyasət, maliyyə sabitliyi, ödəniş sistemlərinin inkişafı, maliyyə texnologiyaları və digər maraq kəsb edən sahələrdə birgə müzakirələr və tədqiqatlar həyata keçirməkdir ki, bu da iqtisadi inteqrasiyanı daha da sürətləndirəcəkdir.  

Memoranduma əsasən, “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Mərkəzi (milli) banklarının Şurası” Fintech ödənişləri üçün imkan yaradacaqdır. Fintech p2p (peer-to-peer) kreditləşmə, kütləvi maliyyələşdirmə (crowdfunding) və mobil ödənişləri inkişaf etdirərək, TDT-ə üzv ölkələr arasında həyata keçirilən investisiyaların və layihələrin maliyyələşdirilməsini daha da asanlaşdıracaq, proseslərin çevikliyini təmin edəcəkdir. Eyni zamanda, fintech ödəniş sistemləri və digər sahələrdə əməkdaşlıq üzv ölkələrə resurslara qənaət etməyə və beynəlxalq maliyyə sisteminə daha sürətli inteqrasiyaya imkan verəcək.

Ümumilikdə götürsək, bu Zirvə görüşü, Türk dövlətlərinin birgə strategiyalarını formalaşdırmaq, ortaq maraqları ön plana çəkmək və regional problemlərə qarşı birgə yanaşma metodlarını müzakirə etmək baxımından əhəmiyyətli hesab edilə bilər.  İqtisadi inteqrasiya, müasir dövrdə qarşıya çıxan qlobal çətinliklərin daha asan və çevik həlli üçün  fundamental bir çərçivə təmin edə bilər. Eyni zamanda, rəqəmsal gələcək və təhlükəsizlik məsələləri, qlobal mühitdə müvafiq risklərin azaldılması və mükəmməl əməkdaşlıq üçün xüsusi əhəmiyyət kəsb edir. Mərkəzi banklar arasında Şuranın yaradılması isə maliyyə-investisiya proseslərini çevikləşdirərək, daha intensiv ticarət münasibətləri və daha uğurlu gələcək vəd edir. 

Cross Media Analitik Qrupu 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il