Çarpaz baxış

“TikTok” 2016-ci ildə Çində "Douyin" adı altında istifadəyə verilmişdir. Şirkət 2018-ci ildə beynəlxalq bazara çıxaraq "TikTok" adını aldı və qlobal auditoriyaya təqdim edildi. Azərbaycanda isə “TikTok” 2020-ci ildən etibarən geniş istifadə olunmağa başlanmışdır. Bu platforma gənclər arasında qısa videoların paylaşılması, rəqslər və müxəlif trendləri ilə məşhurdur.

Təbii ki, platformanın müsbət tərəfləri olsa da, bir sıra mənfi xüsusiyyətləri də var. Bəzi ölkələrdə “TikTok” platforması müxtəlif səbəblərdən bağlanmışdır. Bəs Azərbaycanda “TikTok”-un fəaliyyəti dayandırıla bilərmi?

Crossmedia.az bu barədə məlumat almaq üçün Azərbaycan Respublikası  Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəsisi Oqtay Ələkbərova müraciət edib.


Ekspert ilk olaraq sözügedən platforma barədə məlumat verib. O, bildirib ki, “TikTok”-un yaranması və populyarlaşması “ByteDance” şirkəti tərəfindən həyata keçirilib: 

“Platformanın beynəlxalq populyarlığı 2018-ci ildə “ByteDance”-ın "Musical.ly" adlı başqa bir populyar video paylaşım platformasını alaraq onun funksionallığını “TikTok” ilə birləşdirməsi ilə daha da artmışdır. Bu tip sosial şəbəkələr xüsusən gənc nəsil arasinda populyar olsa da, bəzi ölkələrdə müxtəlif səbəblərdən bu platformaya qarşı müəyyən məhdudiyyətlər və qadağalar tətbiq edilib. Bu qadağalar əsasən məxfiliyin pozulması, məlumatların toplanması və istifadəsi, milli təhlükəsizlik narahatlıqları, mənfi psixoloji təsirlər və yalan məlumatların yayılması ilə bağlıdır”.

Eskpertin fikrincə, “TikTok” və “ByteDance” dəfələrlə məlumatların Çin hökuməti ilə paylaşılmadığını bəyan edib və istifadəçi məxfiliyini qorumağa çalışdıqlarını bildiriblər:

“Şirkət ABŞ və digər ölkələrdə məlumatların yerli serverlərdə saxlandığını və xüsusi tədbirlər vasitəsilə məlumatların Çinə ötürülmədiyini vurğulayıb. Ümumiyyətlə, bu məsələlərə dair mübahisələr hələ də davam edir və konkret sübutlar məhdud olduğu üçün məlumatların istifadə məqsədi ilə bağlı dəqiq nəticələr çıxarmaq çətindir”. Oqtay Ələkbərov qeyd edib ki, Azərbaycanda “TikTok”-un istifadə vəziyyəti 2024-cü il üçün olduqca maraqlıdır :

“Statistikalara görə, “TikTok”-un 2024-cü ilin yanvarında 18 yaşdan yuxarı 6.1 milyon istifadəçisi var. Bu yaş qrupuna uyğun olaraq ölkə əhalisinin 80.3%-inin “TikTok” reklamlarına çatdığını göstərir. Son dövrlərdə “TikTok” platformasında təhlükəsizliyi artırmaq məqsədilə ciddi addımlar atılmışdır. 2023-cü ilin birinci yarısında 760 min video ictimai qaydaları pozduğuna görə silinib”.Mütəxəssis diqqətə çatdırıb ki, “TikTok” istifadəçilərinə yaradıcı və maarifləndirici məzmun yaratmağa ruhlandırmağı hədəfləyir:

 “Ümumilikdə, Azərbaycanda sosial media istifadəçilərinin 66.4%-i müxtəlif platformalardan istifadə edir, “TikTok” isə bu rəqəmin əhəmiyyətli bir hissəsini təşkil edir. Azərbaycanda “TikTok” platformasının bağlanmasi ilə bağlı müəyyən müzakirələr və qısa müddətli məhdudiyyətlər mövcud olub, lakin hal-hazırda bu platforma ölkədə istifadəyə açıqdır.”O, həmçinin, 2020-ci ildə baş verən 44 günlük müharibə dövründə Azərbaycan hökuməti təhlükəsizlik və dezinformasiyaların qarşısının alınması səbəbi ilə  “TikTok”-a girişə müvəqqəti olaraq məhdudiyyət qoyulduğunu da diqqətə çatdırıb:

“Azərbaycanda “TikTok”-un bağlanması ilə bağlı yayılan söz-söhbətlər və narahatlıqlar bəzi səbəblərə əsaslana bilər, lakin hal-hazırda rəsmi qaynaqlar tərəfindən “TikTok”-un tamamilə qadağan ediləcəyi barədə heç bir rəsmi qərar və ya təsdiqlənmiş məlumat yoxdur. Platformanın bağlanması ilə bağlı yayılan xəbərlər adətən, təhlükəsizlik, məxfilik və etik məsələlərə dair narahatlıqlardan qaynaqlanır”.

Son olaraq mütəxəssis bildirib ki,  hazırda “TikTok”-un Azərbaycanda istifadəsi aktivdir və platformaya giriş sərbəstdir. Lakin hər hansı rəsmi qərar qəbul olunarsa, hökumət bunu ictimaiyyətə açıqlayacaq.
Nəzrin Salmanova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il