Son illər Azərbaycan Respublikasının türkdilli ölkələrlə münasibətlərində şaxələnmə və canlanma müşahidə edilməkdədir. İstər regionda, istərsə də dünyada baş verən geosiyasi proseslər də bu əməkdaşlıqları təşviq edir, birliyi bir zərurətə çevirir. Ölkəmizdə bu istiqamətdə həyata keçirilən genişmiqyaslı tədbirlər bunun bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyevin türkdilli ölkələrə, xüsusilə Türkiyə və Mərkəzi Asiyaya mütəmadi səfərləri, eləcə də həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri arasında əlaqələrin genişlənməsinin prioritet olduğunu ifadə edir. Əslində, xalqların eyni dəyərlərə sahib olmasından, dövlət başçıla-rının dostluq münasibətlərindən qaynaqlanan bu əlaqələrin inkişafı, artıq bir strategiyaya çevrilib.
Azərbaycan-Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi, Qırğızıstanla imzalanan “Strateji tərəfdaşlıq haqqında bəyannamə”, Özbəkistanla imzalanan “Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə”, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023–2024-cü illər üzrə Yol Xəritəsi”, Qazaxıstanla imzalanan “Strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə”də yuxarıda qeyd olunanları bir daha təsdiq edir. Bütün bu proseslərin davamı olaraq, dövlət başçılarının növbəti toplantısı Qırğızıstanda keçiriləcəkdir. Belə ki, 6 noyabr 2024-cü il tarixində Qırğızstanın paytaxtı Bişkək şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının XI zirvə görüşü öz işinə başlayacaqdır. Qırğız Respublikasının ev sahibliyi ilə keçiriləcək tədbirdə Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan dövlət başçıları, eləcə də TDT müşahidəçilərinin hökumət rəhbərləri iştirak edəcək.
“Türk dünyasının gücləndirilməsi: iqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik” şüarı ilə keçiriləcək zirvə görüşündə Bişkek Bəyannaməsinin imza-lanması və bir sıra mühüm qərarların verilməsi nəzərdə tutulur. Tədbirdə iştirak edənlər və tədbirin adı, özlüyündə XI zirvə görüşünün də, yüksək səviyyəli müzakirələr üçün əhəmiyyətli bir platforma olacağına əsas verir. TDT-nin Bişkek toplantısı Türk dünyası ilə iqtisadi-mədəni əlaqələri dərinləşdirmək, türkdilli xalqların milli-tarixi dəyərlərinin təbliğinə töhfə vermək məqsə-di daşıyır. Hansı ki, bunun da çağırışları hələ 2024-cü ilin iyul ayında TDT dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən səsləndirilib. Dövlət başçısının Türk dünyasının birliyinə və qlobal səhnədə güc mərkəzinə çevrilməsinə çağırış etdiyi TDT liderlərinin Şuşada keçirilən qeyri-rəsmi sammitində dövlətlər arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi, elmi-mədəni-tarixi əlaqələrin bərbası və gücləndirilməsinin əsas hədəflər olduğu qeyd edilir.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, TDT artıq dünyada bir güc mərkəzi kimi formalaşmaqdadır və ən önəmlisi odur ki, TDT-nin qayəsində “hamı üçün təhlükəsizlik” əsas xətlərdən biridir. Bu isə TDT-nin qlobal əhəmiyyətini, dünyanın inkişafı üçün önəmliliyini əsaslandırır. Eyni zamanda, TDT türk dünyasının inkişafı üçün bir lokomotivdir və vahid tarixi-mədəni dəyərləri bölüşən coğrafi regionları özündə birləşdirir. XI Zirvə görüşünün şüarından da göründüyü kimi iqtisadi inteqrasiya və davamlı inkişaf prioritetdir.
Bu il 14 sentyabr tarixində Düşənbədə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə də dövlətimizin başçısı, eyni zamanda Mərkəzi Asiya ölkələri ilə ikitərəfli əməkdaşlığın mühüm meyarlarından birini qarşılıqlı ticarət və sərmayələrin artımı təşkil etdiyini diqqətə çatdırıb. Sevindirici haldır ki, ölkə rəhbərinin nitqində vurğuladığı istiqamətlər üzrə rəqəmlər davamlı artımın göstəricisidir. Məsələn, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ümumi ticarət dövriyyəsi 3 dəfədən çox, cari ilin 9 ayı ərzində isə daha 50 faiz artıb. İnvestisiya qoyuluşuna gəldikdə isə birgə sərmayə fondları yaradılıb, qarşıdakı 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı investisiyaların qoyuluşu razılaşdırılıb.
Azərbaycan hazırda Mərkəzi Asiya ölkələri ilə sənaye, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirir. TDT-dən, xüsusilə Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda fəaliyyət göstərən Ələt Azad İqtisadi Zonasına marağı da ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə böyük inam yaradır. Yalnız 2023-cü ildə Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 9,3 milyard dollar olub ki, bu da əvvəlki illə müqayisədə 25,1 faiz, yəni 1,8 milyard dollar artım deməkdir. Ümumilikdə, ötən il təşkilata üzv ölkələrlə aparılan idxal-ixrac əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 18 faizini təşkil edib.
2023-cü ildə Azərbaycandan Türkiyəyə 5,4 milyard dollar, Qazaxıstana 98,5 milyon, Türkmənistana 86,1 milyon, Qırğızıstana 59,3 milyon dollar, Özbəkistana 47,1 milyon dollar, Macarıstana isə 4,8 milyon dollar dəyərində məhsul ixracı həyata keçirilib. 2024-cü ilin birinci rübündə isə Azərbaycanın TDT üzvləri ilə ticarət dövriyyəsi 1,7 milyard ABŞ dolları təşkil edib ki, bu da ölkəmizin ümumi ticarət dövriyyəsinin 17,6 faizinə bərəbər olub. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2024-cü ilin ilin birinci rübündə Azərbaycan Türkiyə ilə 1,5 milyard dollar, Türkmənistanla 96,9 milyon dollar, Qazaxıstanla 70,8 milyon dollar, Özbəkistanla 35,8 milyon dolar, Qırğızıstanla 23,4 millyon dollar, Macarıstanla isə 13 milyon dollar məbləğində idxal-ixrac əməliyyatları həyata keçirib. Eyni zamanda, cari ilin baxılan dövründə Azərbaycandan Türkiyəyə 150,3 milyon dollar, Qırğızıstana 20,8 milyon dollar, Türkmənistana 16,9 milyon dollar, Qazaxıstana isə 11,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Həmçinin, yalnız Qazaxıstanda 700-dən çox Azərbaycan kapitalı ilə fəaliyyət göstərən şirkət mövcuddur. O cümlədən Azərbaycanda Qazaxıstan kapitallı 200-dən çox şirkət fəaliyyət göstərir.
2023-cü ilin rəqəmləri ilə TDT üzvlərinin ümumi daxili məhsulu 1,5 trilyon dollar, ticarət dövriyyəsi isə 1,2 trilyon dollardır və ümumilikdə dünya ticarət dövriyyəsinin 2,4%-i TDT-yə üzv ölkələrin payına düşür.
Bütün bunlarla yanaşı, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsi olduğu üçün nəqliyyat və logistika sahəsi də ikitərəfli münasibətlərdə xüsusi yer tutur. Başqa sözlə desək, Azərbaycanın genişmiqyaslı nəqliyyat–logistika infrastrukturu da Mərkəzi Asiyanın davamlı iqtisadi tərəqqisində, daha geniş xarici bazarlara, Avropaya çıxışında önəmli rol oynayır və bu TDT-nin perspektivləri üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Yaxın gələcəkdə Zəngəzur dəhlizinin reallaşması isə birbaşa quru yolla türkdilli dövlətlərin birliyini təmin edə bilər ki, bu da olduqca strateji bir məsələdir.
Bildiyimiz kimi, TDT çərçivəsində potensial imkanlardan tam və səmərəli istifadənin təmin olunması məqsədilə “Türk Dünyası Vizyonu-2040” və “TDT 2022-2026 Strategiyası” adlı sənədlər qəbul edilib. Və keçirilən hər bir görüş, qəbul edilən hər bir addım bu sənədlərdə nəzərdə tutulan hədəflərin reallaşması üçün TDT-ni daha da irəliyə aparır. O cümlədən, Bişkekdə keçirləcək XI zirvə görüşünün də TDT-nin mövqeyini daha da möhkəmləndirəcəyinə, TDT arasında siyasi-iqtisadi və mədəni bağlantıları daha da gücləndirəcəyinə inanırıq. Aparılan qısa təhlil və indiyədək keçirilən görüşlərdə qəbul edilən qərarlar, imzalanan sənədlər belə deməyə əsas verir ki, TDT ortaq dəyərlərdən yola çıxmış xalqları (dövlətləri) ümumi hədəflər ətrafında sıx birləşdirməkdədir.
Cross Media Analitik Qrupu