ABŞ prezident seçkilərində qalib gələn Donald Trampın komandası Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün təkliflər hazırlayıb.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal”ın məlumatına görə, bu təkliflər arasında Ukraynanın ən azı 20 il müddətinə NATO-ya üzv olmaqdan imtina etməsi yer alır.
Trampın komandası həmçinin cəbhə xəttini dondurmaq üçün demilitarizasiya zonası yaradılmasını təklif edir. Bu zaman Amerika qoşunları, BMT kontingentləri və ya ABŞ tərəfindən maliyyələşdirilən digər təşkilatlar Ukraynanın təhlükəsizliyini təmin etməyəcəklər.
WSJ mənbəsinin bildirdiyinə görə, Birləşmiş Ştatlar hərbi təlimlər üçün maliyyə ayıra bilər, lakin “amerikalı kişi və qadınları Ukraynada sülhü qorumaq üçün göndərə bilməz” və “bunun üçün pul ödəmirik. Bunu polyaklara, almanlara, ingilislərə və fransızlara həvalə edin” deyə vurğulanıb.
Ehtimal olunur ki, ABŞ Rusiyanın gələcək təcavüzünün qarşısını almaq məqsədilə Ukraynaya silah verməkdə davam edəcək.
Nəşr əvvəlcə Trampın müşavirlərinin Kiyevin sülh danışıqlarına razı olması üçün Ukraynaya hərbi yardımın dayandırılmasını nəzərdə tutan bir sülh planından danışıqlar apardıqlarını yazıb.
Lakin WSJ bildirir ki, hazırkı vəziyyətdə nə cəbhədə irəliləyən Rusiya, nə də öz ərazilərini verməyə hazır olmayan Ukrayna danışıqlara başlamağa hazır olduqlarını göstərirlər.