Ölkə tarixində ən böyük tədbirlərdən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) davam edir. Artıq tədbirin 5-ci günüdür və müxtəlif ölkələrin pavilyonlarında bir sıra sərgilər, açılış layihələri təqdim olunur. Ötən günlərdə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis də Bakıda keçirilən COP29-da Yunanıstan pavilyonunun rəsmi açılış mərasimində "Yunanıstan TAP-ın genişləndirilməsini dəstəkləməyə hazırdır" deyə qeyd edib. Bu isə, həm beynəlxaq əlaqələrin güclənməsi, iqtisadi, energetika sahəsində, həm də Şaquli Qaz Dəhlizinin elektrik enerjisi istiqamətindən maraq doğurur.
Mövzu ilə bağlı politoloq Sultan Zahidov Crossmedia.az-a açıqlamasında qeyd edib ki, istənilən halda bu əlaqələrin inkişafına müsbət təsir göstərə bilər:
"Bildiyimiz kimi, Azərbaycan Yunanıstana, eləcə də Avropa İttifaqının 7 ölkəsinə Cənub Qaz Dəhlizi vasitəsilə qaz ixracını həyata keçirir. Cənub Qaz Dəhlizi böyük bir layihədir və Bakı-Tblisi-Ərzrum, Trans Anadolu Boru Kəməri (TANAP), Trans-Adriatik Boru Kəməri (TAP) onun tərkib hissəsidir. Hazırda Avropa İttifaqı Rusiya-Ukrayna müharibəsindən irəli gələn enerji böhranı içərisindədir ki, bu da Avropanın alternativ kanallara olan ehtiyacını artırır. Bu kanallardan biri də sözsüz ki, Azərbaycandır. 2022-ci il İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması ilə də Azərbaycan Respublikası 2027-ci ilə qədər Avropaya qaz nəqlini illik 20 milyard kub metrə qaldırmaq öhdəliyinə sahib oldu. Məhz bu öhdəlik çərçivəsində ölkəmiz Avropaya olan bu təchizatını şaxələndirməyə davam edir. Bu baxımdan, TAP-ın genişləndirilməsi Azərbaycana Avropa ölkələrini qaz təchizatı ilə təmin etməsinə şərait yaradacaq və bu da Respublikamızın Avropanın enerji təhlükəsizliyində artan rolunun göstəricisidir".
Şaquli Qaz Dəhlizinin elektrik enerjisi aspektinə təsirinə gəlincə isə, politoloq bildirib ki, günümüzdə ölkəmiz Avropaya "Yaşıl Enerji" nin nəqlində maraqlıdır:
"Hazırda bununla əlaqədar bir sıra layihələr müzakirə olunur, danışıqlar gücləndirilir. Belə bir şərait üçün isə, müəyyən investisiya və tərəflərin prinsipial mövqeyi lazımdır. Yekun olaraq, bunların hər biri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində vacib bəndə çevrilməsinin bir şəklidir".
Mövzu ilə əlaqədar iqtisadi ekspert Eldəniz Əmirov da fikirlərini qeyd edib. Ekspert əlavə edib ki, bu həm Yunanıstan, həm də Azərbaycan üçün müəyyən dividentlər deməkdir:
"İstər ölkəyə daxil olan valyuta baxımından, istərsə də strateji tərəfdaş olaraq Azərbaycanın nüfuzunun daha da artması üçün mühüm əhəmiyyət kəsb edir. Belə bir mövzuda konkret interkonnektorlardan da danışmaq lazımdır. Belə ki, sözügedən interkonnektorlar, ölkəmizdən savayı Cənub Qaz Dəhlizinin üzərində yerləşən bir ölkə kimi Yunanıstanın özü üçün də əlavə gəlir mənbəyi hesab olunur".
Aytac Kərimova