Media və QHT

Azərbaycan ədəbiyyatında və maarifçilik tarixində mühüm rol oynamış “Füyuzat” jurnalı, XIX əsrin sonları və XX əsrin əvvəllərində milli özünüdərk, maarifçilik və türklük ideyalarının yayılmasında əvəzsiz xidmətlər göstərib. Jurnal 1906-1907-ci illərdə Əli bəy Hüseynzadənin redaktorluğu ilə nəşr olunub və əsasən Azərbaycan türkcəsində çıxıb. Hüseynzadənin rəhbərliyi altında nəşr olunan “Füyuzat”, milli kimlik, milli birlik və Azərbaycançılıq kimi dəyərləri təbliğ edən ilk nümunələrdən olub. Jurnal “Türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarını özünün ideoloji bazası kimi qəbul edib və bu dəyərləri həm Azərbaycan xalqına, həm də ümumilikdə Türk dünyasına çatdırmağa çalışıb.

Əli bəy Hüseynzadə “Füyuzat” jurnalının səhifələrində milli və İslam mənəviyyatının gücləndirilməsi, elmin və mədəniyyətin inkişafı üçün çalışırdı. O, jurnal vasitəsilə xalqın maariflənməsini, milli kimliyin formalaşmasını və Türk dünyasında birliyin güclənməsini təmin etmək məqsədi güdürdü. Hüseynzadənin nəzərində “Füyuzat” maarifçilik yolu ilə milli birliyin əsasını qoymaq missiyasını daşıyan bir ideoloji platforma idi.

Hüseynzadənin baş redaktorluğunda çıxan jurnalda təhsil, qadın hüquqları, azadlıq və millilik kimi mövzular geniş şəkildə işıqlandırılıb. Bu mövzular həm cəmiyyətin inkişafını, həm də milli dəyərlərə hörmət və bağlılıq hissini gücləndirməyə xidmət edirdi. Jurnalın səhifələrində Azərbaycanın mədəniyyəti və ədəbiyyatı həm Şərq, həm də Qərb elementlərini birləşdirən unikal bir şəkildə təqdim edilirdi. Bu mənada, “Füyuzat” təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün bir maarifçilik örnəyi olub.

 


“Füyuzat” jurnalı yalnız milli məsələləri gündəmə gətirmir, eyni zamanda Türk dünyası ilə əlaqələrin qurulması və möhkəmləndirilməsi üçün bir körpü rolunu oynayırdı. Bu ideoloji irs, müasir dövrdə Türk dövlətləri arasında mədəni və siyasi əlaqələrin inkişafına stimuldur. Müasir Azərbaycan dövləti də öz siyasətində Türk birliyinə xüsusi önəm verir. “Füyuzat”ın türklük ideyaları bu gün Türk xalqları arasında həmrəyliyin artması və ortaq mədəni layihələrin həyata keçirilməsinə mühüm təsir göstərir.


Müasir dövrdə “Füyuzat” jurnalının ideoloji mirası davam etdirilir. Jurnal 2007-ci ildə Milli irsi Mədəni Tarixi araşdırmalar fondu tərəfindən təsis edilib. 17 ildir ki, jurnal yenidən çap olunur və milli-mənəvi dəyərlərin qorunması, onların yeni nəsillərə ötürülməsi istiqamətində fəaliyyət göstərir. Jurnalın hazırkı baş redaktoru Mübariz Yunus qeyd edir ki, “Füyuzat” Azərbaycan xalqının milli məfkurəsinin yaşadılması və inkişafında əhəmiyyətli bir vasitədir.

Yunusun sözlərinə görə, “Füyuzat” Qarabağın işğalı dövründə bu mövzuya hər zaman yer ayırıb. Jurnalın hər bir nömrəsində Qarabağ mövzusuna toxunularaq, vətən həsrəti yaşayanların duyğuları və bu itkilərin doğurduğu acılar əks etdirilib. Yunus bildirir ki, Qarabağın işğaldan azad olunmasında, xalqın milli iradəsinin formalaşmasında jurnalın göstərdiyi ideoloji təsirin də böyük rolu olub. Bu məqsədlə qaçqın və məcburi köçkün məktəblərində də geniş təbliğat işləri aparılıb, vətən sevgisi və milli birlik təbliğ olunub.


Mübariz Yunus həmçinin qeyd edir ki, jurnalda tarixi şəxsiyyətlər, unudulmuş dəyərlər və bəzən yanlış anlaşılan tarixi hadisələr yenidən gündəmə gətirilir. “Füyuzat” tarixi irsi millətə tanıtmaq, milli birliyi və Turan ideyasını gücləndirmək üçün çalışır.


“Milli dəyərlərimizə sahib çıxmaq və onları gələcək nəsillərə çatdırmaq bizim əsas məqsədimizdir,” deyə Yunus fikirlərini tamamlayır. Bu məqsəd, “Füyuzat”ın ənənəvi ideoloji missiyasının bu gün də davam etdiyinin və jurnalın müasir Azərbaycan üçün dəyərlərimizi yaşatmaq üçün bir maarifçilik aləti kimi əvəzolunmaz rol oynadığının göstəricisidir.

Öz 118 illik tarixində “Füyuzat” jurnalının keçdiyi yol, milli və mənəvi dəyərləri yaşadaraq, onları gələcək nəsillərə çatdırmaq üçün əhəmiyyətli bir platforma yaratmağa davam edir. Azərbaycanın mədəni dəyərlərini işıqlandıraraq, onun tarixi irsini və milli kimliyini yaşatmağa həsr olunmuş “Füyuzat” jurnalının ideoloji missiyası, bu gün də öz əhəmiyyətini qoruyur.

P.S. Crossmedia.az saytı olaraq “Füyuzat” jurnalının 118-ci ili münasibətilə jurnalı və onun kollektivini təbrik edirik.


Maral Şahverdili

Fotolar: Sevinc Abuşova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il