Toy məişət səviyyəsində həyata keçirilən mərasim növlərindən biridir. Azərbaycan xalqının həyatında xüsusi rolu olan mədəniyyət hadisəsi kimi qəbul edilir. Toylar ümumiyyətlə əsrlər boyu formalaşan istər yaxın xalqlar, istərsə də Azərbaycan xalqının özünü formalaşdırdığı düşüncə, həyat tərzinə, coğrafi şəraitə və yaşam yerlərinə uyğun olaraq bu və ya digər dərəcədə müxtəlif mərasimləri özündə əks etdirir. İki nəfərin evlənməsi üçün 50- dən çox kiçik və böyük mərasimdən ibarət olan toyların əsas mərasimi ya qız toyu, ya oğlan toyu, ya qadın-kişi toyu, ya da bunların birləşməsindən ibarət olan tək böyük toy sayılır.
Təəssüflər olsun ki, son vaxtlar toyların formatı, məzmunu, fəlsəfəsi dəyişilib. Hətta elə insanlar var ki, toylarda musiqidən, rəqslərdən və digər adət-ənənələrdən imtina edirlər. Bu məsələni də dinlə və ya Avropa tipli toyların keçirilməsi ilə əlaqələndirirlər.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov hazırda toylarımızın daha çox kommersiya xarakterli şadlıq mərasimlərinə çevrildiyini qeyd edib:
"Bu yəqin ki, zamanla ayaqlaşmaq istəyən insanların qatqısıdır. Bir çox toy formaları var ki, onlar ya aradan çıxıb, ya da təzədən dirçəldilib. Məsələn, xınayaxdı, ciyər axşamı və ya digər mərasimlər əvvəllər mərasim formasında keçirilmirdi. Lakin son vaxtlar görürük ki, onlar da təmtəraqlı şəkildə qeyd edilməyə başlanılıb.
Bir çox insanlar var ki, onlar həm də dini toylar adı altında bu adlı mərasimləri keçirirlər. Orada alkoqollu içkilər verilmir, həddindən artıq açıq geyimlərə icazə yoxdur. Eyni zamanda qadınlar və kişilər ya ayrıca zallarda oturur, ya da fərqli masalarda otuzdururlar. Hətta bu toylarda musiqi alətlərindən ibarət ansambıllardan da istifadə olunmur. Musiqilərdən, xalq, el mahnılarından istifadə edilmir. Əlbəttə dövlət, rəsmi qrumlar olaraq biz insanların toy mərasiminə bir başa müdaxilə edə bilmirik. Bu daha çox mental dəyərlərdən, milli-mənəvi adət-ənənələrdən qaynaqlanan hadisədir. Amma digər tərəfdən valideyn unutmamalıdır ki, o, toyu özü üçün etmir, təzə evlənənlər üçün edir. Onların da arzusu toylarını öz həm yaşıdları kimi başqalarında gördükləri təmtəraqlı musiqidən ibarət, dostların, qohum-əqrəbaların rəqs etdiyi, şənləndiyi, dadlı təamlardan daddıqları mərasim kimi görmək istəmələridir. Amma valideynlər dini baxışlarına görə bunun günah olduğunu fikirləşirlər. Son vaxtlar görürük ki, hər iki məzhəbin nümayəndələri də məhz dini toy adı altında sanki yasın bir qədər fərqli formatını ortaya qoyurlar. Onlara hörmətlə yanaşsaq da unutmamalıyıq ki, toyun öz yeri, yasın da öz yeri var. Fikir vermisinizsə, həmin toylara ya insanlar getmirlər sadəcə nəmər atırlar, ya da gedib yarım saat özünü göstərir, xeyir-duasını verir oradan çıxaraq yaxınlıqdakı restoranda oturur, əylənirlər.
Ekspert insanların toyu özləri üçün edirlərsə, onların bu qədər insanı dəvət etmələri, onlara əziyyət vermələrinin düz olmadığını bildirib. Musiqinin İslamın yarandığı Ərəbistanda da normal qarşılandığını söyləyib:
"O insanlar yaxın-uzaq məsafədən gəlirlər, tıxaca düşürlər, paltarlarını təzələyirlər, gözəllik salonlarına gedirlər, yol pulu xərcləyirlər, nəmər atırlar. Amma siz onlara sevinc bəxş etmirsiniz, hüzn bəxş edirsiniz. Bunu anlamaq bir az çətindir. Fikirləşirəm ki, bu məsələdə bir qədər dini baxışlı, inanclı insanlarımız da bir az islahata getsələr daha yaxşı olar.
Əgər musiqi, mahnılar pisdirlərsə o zaman İslam dinin yarandığı Ərəbistanda da ondan istifadə olunmazdı. Biz Ərəb rəqslərini görürük. Quranın özünün oxunması zamanı insanların beyninə daha yaxşı təsir etsin deyə avazlardan, musiqidən istifadə olunur. Yaxud kilsələrdə musiqidən istifadə olunur. Necə olur ki, inanclı insanlara-xaçpərəstlərə musiqi olar, amma İslama sitayiş edənlərə olmaz. Əgər belə olacaqsa biz tezliklə gənclərimizin islam dinindən çıxıb, digər dini inanclara sitayiş etdiyini görəcəyik.
Həmin gənclərdən toylarında şad olub-olmadıqlarını soruşmaq lazımdır. Yəqin ki, onlar yalandan və yaxud qəsddən deyəcəklər ki, atam, anam nə istəyirlərsə biz onunla razıyıq və ya dini baxışa görə belədir. Amma həqiqətdə elə deyil. Onlar sevinmirlər. Onlar həmyaşıdlarından, dostlarından, tanışlarından utanırlar ki, toylarından insanlar pərişan olaraq çıxıb gedirlər. Kulturolaq sonda toy mərasimlərinin hər bir ailənin özünə məxsus xüsusiyyətlərindən irəli gəldiyini söyləyərək bu məsələdə bir qədər diqqətli olmağımızı vurğulayıb:
"Kim istəyər təmtəraqlı musiqi, kim istəyər hətta musiqinin Avropa və ya Şərq variantlarından istifadə edə bilər. İstəməyənlər ondan imtina edər və istifadə etməz. Amma bu Azərbaycan mental dəyərlərinə, düşüncəsinə, milli- mənəvi və milli- mədəni dəyərlərimizə zidd olan bir məsələdir ki, toylar da musiqidən, müğənnilərin mahnılarından istifadə olunmasın. Düşünürəm ki, Azərbaycan çox unikal ölkədir. Həm Avropa, həm də Şərqin ən gözəl dəyərlərini özündə birləşdirə bilən bir məkandır. Burada insanalar İslam dinin adət-ənənələri ilə yanaşı, həm də milli mənəvi dəyərlərdən də yararlanmağa çalışırlar. Yenə də qeyd etdiyim kimi yaşadığımız yer elədir ki, burada insanlar şad, rəqs etməyi sevən, çox gözəl mahnıları dinləməyi bacaran, estetik zövqü olan insanlardır. Bizim digər xalqların adət-ənənələrini götürməyimizə ehtiyac yoxdur. Sözsüz ki, Quranda hər şey çox qadağan olunduğu kimi musiqi ilə də bağlı qadağalar ola bilər. Lakin bu o demək deyil ki, Quran bütövlükdə incəsənəti, sənəti, musiqini qadağan edir. Ona görə də bu məsələdə bir qədər ciddi olmaq, daha real baxışlar ortaya qoymaq lazımdır".
Banuçiçək Kalbalıyeva