Azərbaycan cüdo millisinin Polşanın Pila şəhərində keçirilən 23 yaşa qədər gənclər arasında Avropa çempionatında mövqeyi bəlli olub.
Crossmedia.az xəbər verir ki, çempionatın fərdi yarışlarında 2 qızıl, 1 gümüş və 2 bürünc mükafat əldə edən yığma medal əyarına görə ümumi hesabda və qadınlar arasında 3-cü, kişilər arasında isə 4-cü yeri tutub.
İki gün davam edən yarışlarda Fidan Əlizadə (57 kiloqram) və Hüseyn Allahyarov (60 kiloqram) qızıl, Aydan Vəliyeva (52 kiloqram) gümüş, Rüfət Şövlətov (73 kiloqram) və Ömər Rəcəbli isə (81 kiloqram) bürünc medal qazanıb. Kənan Nəsibov (100 kiloqram) isə beşinci olub.
Yarışda Azərbaycan 11 çəki dərəsində 15 cüdoçu ilə təmsil olunub.
Qeyd edək ki, cüdoçularımız noyabrın 17-də çempionatın komanda yarışlarında iştirak edəcəklər.