Noyabrın 14-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan BMT Baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) Avropa və MDB üzrə regional bürosunun direktoru İvana Jivkoviç ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadən Crossmedia.az bildirir ki, görüşdə Azərbaycan ilə BMTİP arasında mövcud əməkdaşlıq gündəliyində duran, habelə Azərbaycanın COP29 Sədrliyindən irəli gələn məsələlər müzakirə edilib.
Azərbaycanın BMTİP ilə uğurlu qarşılıqlı faydalı əməkdaşlığının mövcudluğunu qeyd edən nazir Ceyhun Bayramov xüsusilə dayanıqlı inkişaf gündəliyinin irəlilədilməsi istiqamətində birgə layihələrin icrasını, ölkəmizin bu sahəyə sistematik yanaşmasının göstəricisi olaraq Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıldığını, tərəfimizdən indiyədək 3 Könüllü Milli Hesabatın təqdim olunduğunu qeyd edib.
Həmçinin ölkəmizin işğaldan azad edilmiş ərazilərindəki mina təhdidi ilə mübarizə səylərindən ətraflı bəhs olunub.
Söhbət zamanı Azərbaycanın geniş yaşıl enerji potensialına əsaslanan inkişaf strategiyası, yaşıl enerji sahəsində regional və beynəlxalq layihələr, xüsusilə Xəzər və Qara dəniz hövzələrini birləşdirən yaşıl enerji dəhlizinin yaradılması təşəbbüsündən bəhs olunub. Bu istiqamətdə COP29 çərçivəsində imzalanmış “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in əhəmiyyəti vurğulanıb.
Görüşdə COP29 Sədrliyimizin əsas prioriteti olan iqlim maliyyəsi mövzusunun irəlilədilməsi istiqamətində beynəlxalq təşkilatların, o cümlədən BMTİP-in fəal iştirakçılığının vacibliyi qeyd edilib. Bakıda keçirilən COP29 çərçivəsində ilk gündən etibarən Paris Sazişinin 6.4-cü maddəsi üzrə razılığın əldə olunması, İtki və Zərərlərə Cavab Fondunun işə başlamasını təmin edən irəliləyişlər, habelə çoxtərəfli inkişaf bankları tərəfindən iqlim maliyyəsi üçün öhdəliyin illik əsasda 75 milyarddan 170 milyard ABŞ dollarına qədər artırılması əhəmiyyətli uğur kimi qiymətləndirilib.
Qarşı tərəf Azərbaycan və BMTİP arasında müxtəlif sahələrdə əməkdaşlığın məmnunluq doğurduğunu, xüsusilə mina təhdidi ilə mübarizə sahəsinə BMTİP tərəfindən xüsusi əhəmiyyət verildiyini, bu istiqamətdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə birgə Azərbaycanda Minalardan Təmizləmə üzrə Beynəlxalq Mükəmməllik və Təlim Mərkəzinin yaradılması üzərində birgə fəaliyyətin aparıldığı bildirilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.