Gündəm

Bayraq yalnız rənglərdən ibarət olan parça deyil. Bayraq özündə bir xalqın mədəniyyətini, kimliyini, milli adət və ənənələrini əks etdirən simvoldur. Azərbaycan bayrağı ölkəmizin milli kimliyini və suverenliyini təcəssüm etdirən ən mühüm simvollarımızdandır. Bu bayraq Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canını fəda etmiş qəhrəmanlarımızın qanı ilə yüksəldilmişdir və xalqımızın əzmkarlığının rəmzidir. Hər il 9 noyabrda Dövlət Bayrağı Günü kimi qeyd edilən bu tarix, xalqımız üçün əlamətdar və qürurverici bir gündür. Bu gün Azərbaycan vətəndaşlarının öz bayraqlarına olan sevgisini, milli mənsubiyyətini və müstəqilliyinə bağlılığını nümayiş etdirməsi üçün önəmli bir bayramdır.

Azərbaycan bayrağının tarixi:

Azərbaycan bayrağının tarixində çox önəmli mərhələlər vardır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra 1918-ci il 9 noyabrda üçrəngli bayraq təsis edildi. Bu bayraq müasir, milli və dini dəyərlərin vəhdətini əks etdirirdi.Azərbaycan bayrağının ideya müəllifi mütəfəkkir Əli bəy Hüseynzadə olmuşdur ki, onun”türkləşmək, müasirləşmək, islamlaşmaq” ideyasını Məhəmməd Əmin Rəsulzadə siyasi doktrina halına gətirdi və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı yarandı. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra isə Sovet hakimiyyəti dövründə bayraq dəyişdirildi. SSRİ-nin qəbul etdiyi konsititysiyalara görə Azərbaycan bayrağı təhrif edildi. Bütün azərbaycançılıq ideyaları kimi Azərbaycan bayrağını da xalqa unutdurmaq istəyirdilər.

Meydan hərəkatında bayrağımız:

1980-ci illərdən başlayaraq Azərbaycan xalqı öz azadlığı uğrunda mitinqlər keçirməyə başladı. Bu mitinqlərdə SSRİ nin dəyişdirib təhrif etdiyi bayraq yox AXC-dən miras qalan bayraq insanların əllərində idi.Bu dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı meydanlarda birləşdirici rəmz olaraq ortaya çıxdı. Xalqın əksəriyyəti üçün bayraq sadəcə rənglər və simvollardan ibarət deyildi; əksinə, bu bayraq 1918-ci ildə əldə olunmuş qısa, lakin mühüm müstəqillik dövrünün təcəssümü idi. Meydan hərəkatında dalğalanan bayraq, xalqın azadlıq ruhunu, milli qürurunu və öz taleyinə sahib çıxmaq istəyini nümayiş etdirirdi.

Meydanlarda dalğalanan Azərbaycan bayrağı, azadlıq və demokratiya tələb edən xalqın səsi kimi qəbul edilirdi. Bu bayraq, sovet dönəminin sonlarına yaxın, Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin ən əhəmiyyətli simvollarından biri oldu. Meydanlarda toplaşan insanlar öz azadlıqlarını və milli dəyərlərini tələb edərək, Azərbaycanın tarixi və mədəniyyətinə hörmət edilməsini istəyirdilər. Bayrağın meydanlarda nümayişi, xalqın öz milli kimliyinə sahib çıxmaq əzmini və Azərbaycan xalqının vahid, müstəqil bir dövlətə sahib olmaq istəyini təcəssüm etdirirdi.

Azərbaycan Respublikasının bayrağı:

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçrəngli bayraq yenidən dövlət bayrağı kimi qəbul edildi. Bu addım milli kimliyə və tarixə sahib çıxmaq, keçmişdə qısa müddətdə əldə edilən müstəqillik irsinə hörmət göstərmək məqsədi daşıyırdı. Sovet İttifaqının dağılması ilə ölkə öz suverenliyini bərpa etdikdən sonra, bu bayrağın rəsmi olaraq qəbul edilməsi xalqın milli irsə sahib çıxma iradəsinin təzahürü idi.

Azərbaycan bayrağı üç rəngdən və xüsusi simvollardan ibarətdir. Hər bir rəng və simvol müəyyən dəyərləri təmsil edir:

•    Göy rəng – Türkçülüyü və türk milli kimliyini təcəssüm etdirir. Bu rəng, Azərbaycan xalqının türk mənşəyinə və bu mədəniyyətə olan bağlılığını ifadə edir.

•    Qırmızı rəng – Müasirlik və mədəni inkişafın simvoludur. Bu rəng, Azərbaycanın modern dövlətçilik prinsiplərinə sadiqliyini və sosial inkişafı hədəfləyən məqsədlərini əks etdirir.

•    Yaşıl rəng – İslam dininə və mənəvi dəyərlərə hörməti təmsil edir. İslam, tarix boyu xalqımızın mədəniyyətində və ənənələrində xüsusi bir yer tutmuşdur.

Ağ aypara və səkkizguşəli ulduz isə İslam mədəniyyəti ilə qədim türk dünyası arasında əlaqəni simvolizə edir. Səkkizguşəli ulduzun mənası ilə bağlı müxtəlif şərhlər var, o cümlədən, bu ulduz Azərbaycanın səkkiz əsas türk xalqlarını təmsil etdiyini bildirir.

 Bayrağımızın simvolik dəyəri:

Azərbaycan bayrağı yalnız dövlət rəmzi deyil, eyni zamanda hər bir azərbaycanlı üçün milli qürur mənbəyidir. Xüsusilə, 44 günlük Vətən müharibəsindən sonra bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması onun simvolik dəyərini daha da yüksəltmişdir. Bu, Azərbaycanın müstəqilliyi uğrunda canından keçən hər bir qəhrəmanımızın ruhunun rahatlığını təmin etmişdir. Bayrağımızın düşmən tapdağı olan torpaqlarda dalğalanması Azərbaycan xalqının ən böyük sevinci idi. 

 Dövlət bayrağı gününün önəmi və qeyd edilməsi:

Dövlət Bayrağı Günü 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə rəsmi olaraq təqvimə daxil edilmiş və bu tarixdən etibarən hər il qeyd olunur. Bu gün hər bir azərbaycanlı üçün milli birliyin və qürurun təcəssümüdür. Dövlət Bayrağı Günündə keçirilən tədbirlər xalqın bayrağa olan sevgisini bir daha nümayiş etdirir və gənclərə milli rəmzlərimizin dəyərini anlatmaq üçün əhəmiyyətli bir vasitədir.

Azərbaycan bayrağı, hər birimiz üçün müqəddəs və əvəzolunmaz bir rəmzdir. Bu bayraq azadlığımızı, dövlətçiliyimizi və milli dəyərlərimizi təcəssüm etdirir. Azərbaycan torpaqlarında azadlıq rəmzi olaraq dalğalanan bayrağımız gələcək nəsillərə ötürülməli və qorunmalıdır. Bayrağımız daim yüksəklərdə dalğalansın və Azərbaycanın müstəqilliyi əbədi olaraq davam etsin.

Azərbaycan bayrağına yüksəklərdə dalğalanmaq yaraşır.Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş şəkildə yürüdülən siyasəti Azərbaycan bayrağını dünyada daim ucaldır. Prezidentimizin mahir siyasəti, xalqımızın əzmi və ordumuzun şücaəti o bayrağı heçvaxt enməyə qoymayacaq. Xankəndiyə, Şuşaya, Cəbrayıla necə yaraşırsa Borçalıya, Dərbəndə , Zəngəzura da yaradacağından zərrə qədər də şübhəmiz yoxdur.

Ayhan Ağarzayev

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il