Gündəm

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. COP29 çərçivəsində isə İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlu Bakıya səfər edib. İmamoğlu, səfəri zamanı ümummilli lider Heydər Əliyevin məzarını və Bakıda Türk Şəhidliyini ziyarət edərək Türkiyə-Azərbaycan dostluğuna bağlılığıyla bağlı simvolik mesajını çatdırıb. Bu addımlar CHP-nin Azərbaycan siyasətində yenilik olacağını söyləməyə əsas verirmi? 

Mövzu ilə bağlı Crossmedia.az-a danışan tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlunun sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətləri tarixi dərinliklərə və strateji əhəmiyyətə malikdir. Türkiyənin müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının qurucusu Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri ilə bu qardaşlıq əlaqələrinin əsasını qoymuşdur. Türk dünyası ilə bağlı mövqelərində zaman-zaman müxtəlif yanaşmalar, yanlış istiqamətlər olsa da, CHP-nin ideoloji əsası, quruluş meyarları Azərbaycanla əməkdaşlığa və Türk dünyasıyla birliyə önəm verən meyarlardır.

Son illər K. Kılıçdaroğlu, Ü.Çevizköz kimi  CHP-nin bəzi nümayəndələrinin Türk dünyasının  milli maraqlarına zidd yanaşmaları ictimaiyyətdə narahatlıq doğurmuşdu. Lakin hazırda partiya rəhbərliyinə Özgür Özəlin seçilməsi ilə bu istiqamətdə müsbət dəyişikliklər diqqət çəkir. Özgür Özəlin Azərbaycan Prezidenti İlham Əliyevə zəngi və CHP-nin digər yüksək səviyyəli nümayəndələrinin Azərbaycanla bağlı fəaliyyəti, partiyanın bu mövzuya daha həssas yanaşdığını göstərir.

Eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğanın 44 günlük Vətən müharibəsində Azərbaycana göstərdiyi dəstək tarixi əhəmiyyət daşıyır. Bu dəstək Azərbaycan və Türkiyə arasındakı münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldırmış və bu əlaqələri zirvəyə çatdırmışdır. Ərdoğanın Türk dünyasına, Türk-İslam birliyinə verdiyi önəm və qlobal imperializmə meydan oxuyan siyasəti, həm Türkiyə, həm də Azərbaycan ictimaiyyətində yüksək qiymətləndirilmişdir.

Türkiyə kimi böyük bir ölkədə bugünün müxalifətinin sabah iqtidara çevrilə biləcəyi nəzərə alınaraq, siyasi partiyalar arasındakı münasibətlərin milli maraqlar əsasında qurulması zəruridir. Azərbaycan və Türkiyə əlaqələri bu prinsiplərə əsaslanmalı və hər iki ölkə siyasi liderlərinin strateji müttəfiqlik ruhunda fəaliyyət göstərməsi vacibdir.

Əkrəm İmamoğlunun səfərinin sırf iqlim konfransı çərçivəsində keçirildiyi nəzərə alınsa da, onun ziyarətləri Türkiyə müxalifətinin Azərbaycan məsələlərinə daha həssas yanaşmağa başladığını göstərir. Bu, iki ölkə arasında mövcud əlaqələrin daha da inkişaf etməsinə və Türk dünyasında birliyin güclənməsinə mühüm töhfə verə bilər. Belə təşəbbüslər yalnız iki ölkənin deyil, bütövlükdə Türk dünyasının maraqlarına xidmət edir.

Nəticə etibarilə, Türkiyə-Azərbaycan münasibətləri, iqtidar və müxalifətdən asılı olmayaraq, strateji əhəmiyyətini qorumağa davam etməlidir. Müxalifət liderlərinin milli maraqlar çərçivəsində Azərbaycanla münasibətləri normallaşdırmaq və inkişaf etdirmək səyləri hər iki xalq arasında mövcud qardaşlıq bağlarını daha da möhkəmləndirə bilər.

Maral Şahverdili

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il