Gündəm

Milli Məclisin sədri Sahibə Qafarova Millətlər Birliyinin Baş katibi Patrisiya Skotlend ilə görüşüb.

Crossmedia.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Birlik arasında əməkdaşlıq məsələləri, paytaxtımızda keçirilən COP29 və ölkəmizin COP29-a sədrliyi çərçivəsində irəli sürdüyü qlobal təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.

Spiker Sahibə Qafarova Patrisiya Skotlendlə bundan öncəki görüşlərini məmnunluqla xatırlayaraq, Baş katibin bu vəzifədə ölkəmizə cari ilin may ayında reallaşan ilk səfərinin Azərbaycan və Birlik ölkələri arasında institusional əməkdaşlıq qurmağa imkan verdiyini söyləyib. Qeyd olunub ki, bu əməkdaşlığın praktiki xüsusiyyətlərinə Birlik vasitəsilə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə siyasi və maliyyə dəstəyinin göstərilməsi daxildir.

Söhbət zamanı Azərbaycanın kiçik ada dövlətlərinə göstərdiyi humanitar, texniki yardımlar, həmçinin ölkəmizin Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər haqqında da məlumat verilib.

Görüşdə vurğulanıb ki, əməkdaşlığın ən mühüm istiqamətlərindən biri iqlim dəyişikliyi məsələsidir. Bildirilib ki, kiçik ada dövlətləri iqlim dəyişikliyinə ən həssas olan ölkələrdir və onlar iqlim dəyişikliklərinin ən pis təsirləri və hətta ekzistensial təhlükə ilə üzləşirlər. Xatırlanıb ki, COP29 çərçivəsində İqlim Dəyişikliyi üzrə İnkişaf etməkdə olan Kiçik Adalar Dövlətlərinin Liderlər Zirvəsi keçirilib. Prezident İlham Əliyev sammitdə iştirak edib və əhatəli nitq söyləyərək, iqlim dəyişikliyinin kiçik adalardakı inkişaf etməkdə olan dövlətlərə təsir edən hazırkı çağırışlarını, həmçinin Azərbaycanın bu dövlətlərə verdiyi dəstək istiqamətində praktiki addımlarını qeyd edib. Bu sammit bu dövlətlərin səslərinin daha da ucaldılmasına və eşidilməsinə şərait yaradır.

Söhbət zamanı Sahibə Qafarova qonağa noyabrın 16-17-də Milli Məclisin Parlamentlərarası İttifaq ilə birlikdə COP29 çərçivəsində təşkil edəcəyi Parlament Görüşü haqqında da məlumat verib. Qeyd olunub ki, iclasda müxtəlif ölkələrin parlamentlərindən və beynəlxalq təşkilatlardan 330-dək nümayəndə iştirak edəcək.

Millətlər Birliyinin Baş katibi Patrisiya Skotlend COP29 sədrliyini təhvil alması münasibətilə ölkəmizə təbriklərini çatdırıb, sədrlik dövründə fəaliyyətlərində uğurlar arzu edib. O, Azərbaycanın kiçik ada dövlətlərinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

 

 

 

 

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il