Gündəm

8 Noyabr - bu, qətiyyətli Ali Baş Komandanımızın və rəşadətli ordumuzun Şuşanı işğaldan azad etdiyi gündür. Bu gün, Azərbaycanın şanlı tarixinə daha bir Zəfər Günü yazıldı. O, Zəfər Günü ki, bir"İrəli!"əmri ilə başladı. Bu əmri Azərbaycan xalqı 30 ilə yaxındır gözləyirdi. Nəhayət, 2020-ci ilin 27 sentyabrında gözlənilən əmr gəldi və bununlada Azərbaycan Ordusu əks hücum əməliyyatına başladı. Cəmi 44 gün çəkmiş olan Vətən Müharibəsində biz 30 il ərzində, hər dəfəsində istər diplomatik danışıqlar zamanı, istərsədə cəbhə bölgəsində bizə mane olmağa çalışanlara əzəli torpaqlarımızı işğaldan azad etməklə öz sözümüzü deyib, gücümüzü göstərmiş olduq. Təbii ki, bu müddət ərzində ölkəmizin hər bir cəhətdən yanında olan, dəstəkləyən ölkələr də var idi və hər kəs, bütün dünya ermənilərin nə qədər vandal, vəhşi xislətə malik olduqlarının bir daha şahidi oldu. Yaşanan dəhşətli hadisələr bütün dünyanı sarsıtsa da, xalqımız döyüş ruhunu, birliyini və iradəsini itirməyərək daha da əzmlə və mərdcəsinə Ali Baş Komandanı və ordumuzu dəstəkləməyə davam etdi. Həyatını itirmiş mülki həmvətənlərimizin qisasını isə rəşadətli ordumuz döyüş meydanında müvəffəqiyyətlə aldı. Əlbəttə ki, bunların hər birini, zəfərimizin hər zərrəsini əbədi qəhramanlarımıza borcluyuq.

Azərbaycanın Şəhid Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru3-cü Ordu Korpusunun Komandir müavini - Qərargah rəisi, Xalqımızın fəxri Polad Həşimovun bacısı Kəmalə Həşimova - Zəfər günü ilə əlaqədar olaraq fikirlərini Crossmedia.az-ın oxucularıyla bölüşüb.

"İlk olaraq, bütün xalqımızı Zəfər günümüz münasibətilə təbrik edirəm. Bu bayram, bizim özümüzü birdaha isbatımızın, bizi zəif görən güclərə istədiyimiz zaman, istədiyimiz düşmənin qarşısında əzmlə dura biləcəyimizin sübutudur. Bu gün biz torpaqlarımızın bütövlüyü, qələbəmiz üçün bütün müharibə iştirakçılarımıza, şəhidlərimizə və sağlamlıqlarını bu yolda itirmiş qazilərimizə borcluyuq". 

"44 günlük ərəfəni necə xatırlayırsınız?" sualımıza Şəhid Generalın bacısı belə cavab verdi: "O günləri mən belə xatırlayıram. Belə ki, Polad Paşamız 2020-ci il iyulun 14-ü şəhid oldu və bütün xalq generalının qisasını almaq üçün, küçələrə axışdı. Beləcə, 2020-ci il 27 sentyabr müharibə başladı və sadəcə 44 gün ərzində biz qələbə çaldıq. Bu, mərdlik, kişilik savaşıdır. Belə bir zamanda biz kimin kim olduğunu, xalqın bir amal uğrunda necə bir ola bilməsini gördük. Torpaqlarımızın azadlığı, zəfərimiz mənə qürur hissi, eləcə də kədər hissi yaşadır. Qəribədir, iki duyğunu eyni anda yaşayırıq. Belə bir söz var: "Əgər hər gün günəşi görürsənsə, onun bədəlini ödəyən biri vardır". Bu zəfərdə də ən böyük haqq məhz elə şəhid ailələrinin, qazilərin haqqıdır, çünki ən böyük bədəli elə onlar ödəyiblər. Əsas vətəndir, onun üçün hər birimiz canımızdan keçməyə hazırıq. Lakin mən birdaha ölkəmizə müharibə - övlad acısı, ana gözyaşı, nisgil diləmirəm. Çünki evimizin daxilində anamın, ailəmizin nələr çəkdiyinin şahidiyəm. Bu baxımdan, heç bir anaya, ailəyə övlad itkisi arzulamıram, lakin yeni nəsillər üçün də bu torpaq, Vətən bir əmanətdir və onlar hər zaman olduğu kimi əmanəti qorumalı, sahib çıxmalıdırlar".

Bəli, 44 günlük müharibənin hər günü bir şanlı tarixdir. Hər gün, Azərbaycan Ordusu irəli gedir, yeni kəndlər, şəhərlər,qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, zabiti bir amal uğrunda vuruşurdu: Tarixi ədalətin zəfər çalması uğrunda. Nəhayət, əzmimizi, sözümüzün qüdrətini sübut etdik və artıq qüdrətli bayrağımız o torpaqlarda dalğalanır, Zəfər paradımızın addım səsləri oradan duyulur. Bu gün biz Qürurluyuq, çünki vaxtikən "Tanklarımız Bakıda olacaq"-deyən məxluqların tankları, həqiqətən də Bakıdadır, lakin "Qənimətlər parkında", onların məğlubiyyətləri, acizliklərinin şahidi olaraq.

Aytac Kərimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il