İqlim dəyişikliyi ilə mübarizə sahəsində həyata keçirilən kompleks tədbirlər və beynəlxalq arenada durmadan artan nüfuzunun nəticəsidir ki, bu gün müstəqil Azərbaycan Respublikası COP29 kimi qlobal əhəmiyyətə malik mötəbər bir tədbirə ev sahibliyi edir.
Crossmedia.az-ın məlumatına görə, bunu Ombudsman Səbinə Əliyeva COP29 çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: Milli insan hüquqları institutlarının rolu” mövzusunda interaktiv müzakirədə deyib.
O qeyd edib ki, iqlim ədalətinin təmin olunmasında əsas aktorlardan biri olan Ombudsmanlar və milli insan hüquqları təsisatları insan hüquqları sistemində mühüm yerlərdən birini tutan sağlam ətraf mühitdə yaşamaq hüququnun müdafiəsi, iqlim dəyişikliklərinə qarşı həssas olan qrupların hüquqlarını qoruması sahəsində mühüm rola malikdirlər.
“Bu baxımdan, ölkə Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış COP29-un Təşkilat Komitəsində Azərbaycan Ombudsmanının da təmsil olunması da məhz iqlim dəyişmələri zamanı insan hüquqları aspektlərinin nəzərə alınması məqsədinə xidmət edir.
Hazırda qlobal müstəvidə Azərbaycana bəslənilən böyük hörmət və etimadın göstəricisi olan bu nüfuzlu tədbirin yüksək səviyyədə təşkil edilməsi, ölkəmiz və bütövlükdə bəşəriyyət üçün uğurlu nəticələrin əldə olunması naminə COP29 Təşkilat Komitəsinin üzvü kimi biz də milli insan hüquqları təsisatı olaraq, olaraq bütün imkanlarımızla bu prosesə öz töhfəmizi verməyə çalışmışıq”, - deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.