Gündəm

Azərbaycan və Türkiyə arasında əlaqələr günü- gündən artan templə inkişaf etməkdədir. Bu inkişafa hər iki ölkənin ortaq olduğu siyasi, iqtisadi, mədəni və digər aspektlərdə baxışları eləcə də maraqları daxildir. 
Prezident İlham Əliyevin qeyd etdiyi kimi  2010-cu il avqustun 16-da imzalanan "Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" Müqavilədən sonra Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı yeni mərhələyə qədəm qoydu. Bu mərhələnin nəticəsidir ki, 2021-ci il iyunun 15-də iki ölkə arasında Şuşa bəyənnaməsi qəbul edildi. Bəyənnamənin mətnində vurğulandığı kimi tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. 
Bu məqsədlə Azərbaycan-Türkiyə arasında növbəti hərbi təlimlərin keçirilməsi noyabr ayının 18-dən 29-nadək keçiriləcəyi palanlaşdırılıb. Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az-a açıqlamasında iki ölkə arasında hərbi əməkdaşlığın uğurla davam etdiyinə diqqət çəkib:

"Azərbaycan ilə Türkiyə arasında hərbi və hərbi texniki sahədə əməkdaşlıq kifayət qədər uğurla inkişaf edir. Hər iki ölkə 10-a yaxın müxtəlif platformalarda müxtəlif təyinatlı birgə iki tərəfli və ya çox tərəfli hərbi təlimlərdə iştirak edir. Bu təlimlər hər iki dost və qardaş ölkə tərəfindən imzalanan sənədlərə və beynəlxalq hüquqa əsaslanır. Biz keçiriləcək təlimləri 2021- ci ildə imzalanan Şuşa bəyənnaməsinin tərkib hissəsi kimi qiymətləndirməliyik. Təlimlərin əsas məqsədi hər iki qardaş ölkənin silahlı qüvvələrinin tabeliyində olan qoşun növlərinin müasir tələblərə uyğun olaraq birgə fəaliyyətlərinin uzlaşdırılmasını və onların ortaq vəzifələri yerinə yetirmək imkanlarını genişləndirməkdən ibarətdir. 

Ekspert sonda hər iki ölkənin hərbi dəniz qüvvələrinin xüsusi təyinatlı bölmələrinin cəlb ediləcəyi bu təlimlərin regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edəcəyini vurğulayıb.

Banuçiçək Kalbalıyeva

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il