Gündəm

İctimai nəqliyyat vasitələrində dəyişiklik gözlənilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin sözlərinə görə, avtobus növlərinin dəyişdirilməsi və elektrik avtobuslarının gətirilməsi nəzərdə tutulub. Qeyd edilib ki, daha sonra yerüstü relsli nəqliyyatlardan da istifadə oluna bilər və bununla bağlı yaxın illərdə konkret qərar veriləcək. Bəs, tramvaylardan istifadə nəqliyyatda əsas problem olan tıxacın qarşınısı ala biləcəkmi? Bu nəqliyyat vasitəsinə tələbat nə dərəcədə yüksək olacaq? 

Məsələ ilə bağlı Crossmedia.az saytına açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, tramvayların Bakı şəhərinə yenidən qayıtması ehtimalını müsbət qiymətləndirmək olar: 

“Vaxtilə Bakı şəhərində tramvay xətləri olsa da, sonralar həmin xətlər ləğv edildi. Hesab edirəm ki, tramvay xətlərinin olması ictimai nəqliyyatın şaxələndirilməsinə imkan verəcək. Bakı şəhərində olan tıxacın bir sıra səbəbləri mövcuddur. Düşünmürəm ki, tramvay xətləri çəkilən kimi dərhal sıxlıq azalacaq. Lakin mərhələlər ilə tıxaclara qalib gəlmək mümkündür. İctimai nəqliyyat hal-hazırda metro və avtobuslardan ibarətdirsə, artıq şəhərdaxili və şəhərətrafı tramvayların olması sözügedən problemlərə müsbət təsir göstərəcək”. 

E.Cəfərov tramvayların üstünlüklərindən də söz açıb:

“Eyni zamanda tramvay rels üzərində maneəsiz hərəkət edir və tıxacda qalmır. Tramvayla hərəkət edən sərnişin bilir ki, bir nöqtədən digər nöqtəyə konkret zaman kəsiyində gedib çata biləcək. Tramvay xətləri Bakının elə küçələrində salınmalıdır ki, həqiqətən də Bakı sakinlərinə və qonaqlara xidmət edə bilsin. Tramvaylar dekorativ xarakter daşımamalı, məhsuldar çalışmalıdır”. 

Gülay Məmmədova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il