"COP29-un Bakıda keçirilməsi, Azərbaycanın beynəlxalq miqyasda ekoloji problemlərin həllində mühüm rol oynadığını və qlobal təşəbbüslərə sadiq olduğunu bir daha nümayiş etdirdi. Bu tədbirin ölkəmizdə keçirilməsinə mane olmaq istəyən bəzi Qərb dairələri və onların yerli siyasi dəstəkçiləri, əslində, Azərbaycanı gözdən salmaq və onun beynəlxalq nüfuzunu azaltmaq məqsədi güdürdülər. Lakin 196 ölkədən gələn 72 min iştirakçının tədbirə olan böyük marağı və yüksək səviyyədə iştirakının təmin edilməsi, bu cəhdlərin tamamilə uğursuz olduğunu ortaya qoydu".
Bunu Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin deputatı Vüqar Bayramov bildirdi. Dedi ki, COP29-da iştirakçılıq səviyyəsinin, marağın yüksək olması bir daha təsdiq edir ki, məlum qərəzli siyasət təkcə Azərbaycana qarşı deyil, bəşəriyyətin gələcəyinə yönəldiyi üçün qəbul edilməyəcək. Əksinə, bu kampaniyalar dünya ictimaiyyətinin Azərbaycana olan inamını daha da artırdı. Məhz bu konfrans çərçivəsində aparılan müzakirələrdə, inkişaf etmiş ölkələrin maliyyə dəstəyinin artırılması və qlobal ekoloji təşəbbüslərin gücləndirilməsi ilə bağlı məsələlərin ön planda olması göstərir ki, Azərbaycan qlobal çağırışlara töhfəsini davam etdirir. Bakı bu prosesdə yalnız ev sahibi deyil, həm də qlobal səylərin sistemləşdirilməsinə, maliyyə təminatının artırılmasına və gələcək ekoloji layihələrin gerçəkləşməsinə aktiv şəkildə dəstək verən bir tərəfdaş olaraq çıxış edir.
Bu uğur, Azərbaycan əleyhinə aparılan kampaniyaların nəticəsiz qalmasını və ölkəmizin dünya səhnəsində daha güclü bir mövqe qazanmasını sübut edir. COP29 bizim üçün sadəcə bir tədbir deyil, qlobal çağırışlara cavab verən, qlobal problemlərin həllində liderlik edən və gələcək nəsillərə daha yaşıl bir dünya miras qoymaq üçün atılan bir addımdır.
Əsli Telmanqızı