Azərbaycan xalqı üçün üçrəngli bayrağımız, sadəcə bir simvol deyil; o, millətin tarixi, mədəniyyəti və azadlıq uğrunda apardığı mücadilənin əbədiləşmiş rəmzidir. Hər il noyabrın 9-da qeyd edilən Dövlət Bayrağı Günü, Azərbaycanın milli kimliyini, dövlətçiliyini və azadlıq uğrunda aparılan mübarizəsini yad etmək üçün mühüm bir gündür.
Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş üçrəngli bayraq, xalqın milli ruhunu, mədəni dəyərlərini və müstəqillik ideyalarını özündə əks etdirir. Deputat qeyd edir ki, Azərbaycanın üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci ilin noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Bakıda keçirilən iclasında rəsmi olaraq qəbul edilmiş və həmin gün Nazirlər Şurasının binası üzərində ucaldılmışdır.
Bayraqdakı üç rəng – mavi, qırmızı və yaşıl – dərin mənalar daşıyır. Mavi türklüyü, qırmızı müasirliyi və tərəqqini, yaşıl isə İslam dininə hörməti simvollaşdırır. Bu üç prinsip Azərbaycanın milli istiqlal ideologiyasının təməl sütunlarıdır və görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadə tərəfindən düşünülmüşdür. Deputat Ceyhun Məmmədov vurğulayıb ki, bu bayraq Azərbaycan xalqının azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə üçrəngli bayrağımızın istifadəsinə son qoyuldu, lakin bu milli rəmz xalqın yaddaşında həmişə yaşadı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin o dövrkü sədri Heydər Əliyev bu bayrağı Naxçıvan Muxtar Respublikasının rəsmi bayrağı elan edərək onun yenidən qaldırılmasını təmin etdi. Naxçıvan Ali Məclisi Azərbaycanın Ali Sovetinə müraciət edərək üçrəngli bayrağın respublikanın rəsmi dövlət rəmzi kimi tanınmasını istədi. Bu müraciət 1991-ci ilin fevralında qəbul edildi və Azərbaycan Respublikası rəsmi olaraq Xalq Cümhuriyyətinin üçrəngli bayrağını yenidən dövlət rəmzi elan etdi. Ceyhun Məmmədov qeyd edir ki, Sovet hökuməti dövründə belə bir qərarın qəbulu böyük cəsarət tələb edirdi və bu addım Heydər Əliyevin uzaqgörənliyi və liderliyi ilə atıldı.
1991-ci ilin oktyabrında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq elan edildi və onun dövlət rəmzləri, o cümlədən üçrəngli bayraq bərpa edildi. Bu addım Azərbaycanın dövlətçiliyinin yeni mərhələyə qədəm qoyduğunun göstəricisi idi.
Prezident İlham Əliyevin üçrəngli bayrağımıza olan yüksək münasibəti də, onu təkcə milli rəmz kimi deyil, həm də dövlətçilik məfkurəsinin əsas simvolu olaraq qəbul etdiyindən qaynaqlanır. Ceyhun Məmmədov bildirir ki, dövlət başçısının 2009-cu ildə imzaladığı fərmanla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi təsis edildi. 2010-cu ildən bəri bu gün hər il respublikamızda təntənə ilə qeyd olunur və ölkənin hər yerində bayrağımızın əzəməti, onun keçmişi və gələcəyimiz üçün əhəmiyyəti bir daha vurğulanır.
Ümummilli lider Heydər Əliyevin sözləri hər bir azərbaycanlının yaddaşına həkk olunub: “Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.” Bu çağırış Azərbaycan xalqının bayrağa olan hörmətini və onu sadəcə dövlət rəmzi kimi deyil, ailə və həyatın ayrılmaz hissəsi kimi görmək arzusunu ifadə edir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı, həm də vətəndaşların milli həmrəyliyinin və vahid məfkurə ətrafında birləşməsinin rəmzidir. Ceyhun Məmmədov bildirir ki, bu müqəddəs rəmz Azərbaycan xalqının azadlıq məfkurəsi, dövlətə sahib çıxmaq bacarığı və milli varlığının ən əsas göstəricilərindən biridir.
Bu gün Azərbaycan Ordusunun şücaəti və Prezident İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda qürurla dalğalanır. Bu bayrağın həmin ərazilərdə dalğalanması uğrunda neçə-neçə qəhrəman canından keçdi. Ceyhun Məmmədov vurğulayır ki, indi əsas vəzifə bayrağımızın daima yüksəklərdə dalğalanmasını təmin etməkdir və bu məqsədə çatmaq üçün birlik və həmrəyliyimizi qorumaq xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan bayrağı xalqın milli qürurunu, azadlıq və müstəqillik arzusunu təcəssüm etdirir. Bayrağımızın daima ucalarda dalğalanması üçün hər bir Azərbaycan vətəndaşı öz vəzifəsini və məsuliyyətini dərk etməli, milli həmrəyliyi qorumağa çalışmalıdır. Ulu Tanrı birlik və həmrəyliyimizi qorusun, bayrağımız hər zaman yüksəklərdə, azad torpaqlarımızda qürurla dalğalansın!
Nihat Tahirov