Milli Dirçəliş Günü Azərbaycan xalqının milli iradəsinin, azadlıq və müstəqillik arzularının ən parlaq təcəssümüdür. Bu gün xalqımızın milli hüquqlarının bərpası uğrunda cəsarətli mübarizəsinin başlanğıcı kimi tarixə yazılmışdır. Uzun illər Sovet İttifaqının tərkibində azadlıq və müstəqillikdən məhrum olan xalqımız, 1988-ci ildə başlanan azadlıq hərəkatı ilə öz milli ruhunu, azadlıq arzusunu və mübarizə əzmini bərpa etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, 1920-ci ildən etibarən xalqımız 70 il ərzində azadlığını itirmiş, hüquqları məhdudlaşdırılmış, mətbuatı və ifadə azadlığı əlindən alınmış bir durumda yaşamalı olmuşdur. Ancaq hər bir xalqın tarixində öz azadlığı uğrunda ayağa qalxaraq taleyini dəyişdiyi bir an olur. Azərbaycan xalqı üçün bu dönüş nöqtəsi 17 noyabr 1988-ci il oldu.
1988-ci il: Azadlığa doğru ilk addımlar:
1980-ci illərin sonlarında Sovet İttifaqında dərinləşən siyasi və iqtisadi böhran, eləcə də Ermənistanın Dağlıq Qarabağa dair əsassız ərazi iddiaları Azərbaycan xalqının səbrini daşıran əsas amillərdən biri oldu. Bu hadisələr xalqımızı birliyə və mübarizəyə səslədi. 1988-ci ilin 17 noyabrında Bakının Azadlıq Meydanında başlayan kütləvi mitinqlər xalqımızın milli birlik və iradəsini nümayiş etdirdi.
Bu mitinqlər təkcə siyasi etiraz forması deyildi; onlar xalqın milli mənlik şüurunun, dilinə, dininə və dəyərlərinə sahib çıxmaq istəklərinin təzahürü idi. Bu oyanış, yalnız müstəqilliyə doğru atılmış ilk addım deyil, həm də xalqımızın 70 illik susqunluqdan sonra öz milli haqqını bərpa etmək iradəsinin ifadəsi idi.
Milli birlik və müstəqilliyə doğru:
17 noyabr mitinqləri xalqımızın milli dirçəliş ruhunu alovlandırdı və müstəqilliyə gedən yolun əsasını qoydu. Bu hadisələr nəticəsində xalq öz haqq səsini ucaltmağa başladı və sovet hakimiyyətinə qarşı əzmlə mübarizə apardı. 1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycan tam müstəqilliyinə qovuşdu və öz taleyini azad şəkildə həll etməyə başladı.
Milli Dirçəliş Gününün önəmi:
1992-ci ildən etibarən 17 Noyabr ölkəmizdə Milli Dirçəliş Günü kimi qeyd olunur. Bu gün, xalqımızın milli birliyinin və azadlıq uğrunda mübarizəsinin simvoludur. Hər il bu günü qeyd edərək, biz o çətin, lakin şərəfli mübarizə yolunu bir daha xatırlayır və müstəqilliyimizin əbədiliyinə olan inamımızı gücləndiririk. Əlimizdə olan azadlıq məfhumunun dəyərini dərk edir onun daimiliyi və əbədiliyi üçün mübarizə aparırıq.
Milli Dirçəlişin əbədiyyəti:
Milli Dirçəliş Günü bizə sübut edir ki, xalqın iradəsi, birliyi və qətiyyəti hər bir çətinliyə qalib gəlməyə qadirdir. Bu gün müasir Azərbaycan dövləti, məhz xalqımızın o illərdə göstərdiyi birlik və əzmin nəticəsində beynəlxalq arenada nüfuzlu bir dövlətə çevrilmişdir.
Azərbaycanın müstəqilliyi təkcə siyasi azadlıq deyil, eyni zamanda, xalqımızın milli dəyərlərini, mədəniyyətini, dilini və dinini qorumaq üçün yaradılan bir zəmin oldu. Bu gün Azərbaycan xalqı, milli dirçəliş ruhunu qoruyub saxlamaqla daha böyük uğurlara imza atır və müstəqilliyinin əbədiliyini təmin etmək üçün əzmlə çalışır. Bu müstəqilliyin əbədiliyi xalqımızın əzmi, şücaəti və düzgün qurulmuş dövlət siyasəti nəticəsində olacaqdır. Dövlətimizin azadlığını bərpa etdik. İndi isə növbə onun güclənməsi yolunda həmrək addımlar atmaqdadır.
Qoy, milli dirçəliş ruhu daim yaşasın və xalqımızın gələcək nəsillərinə ilham mənbəyi olsun!
Ayhan Ağarzayev