Yaxın şərq

HƏMAS Siyasi Bürosunun üzvü Bassem Naim müsahibəsində bildirib ki, HƏMAS hərəkatı Qəzza zolağında dərhal atəşkəs razılaşmasına hazırdır. Həmçinin qeyd edib ki, hərəkat bir neçə aydır ki, İsraildən ciddi təklif almayıb. Bəs yaxın vaxtlarda iki tərəf arasında atəşkəs razılaşması gözlənilirmi?

Məsələ ilə bağlı politoloq Əli Mustafa Crossmedia.az- a açıqlamasında ilk olaraq İsrail və Livan arasındakı münasibətlərə toxunaraq bildirib ki, son vaxtlar Həmasla İsrail arasında deyil, İsrail və Livan arasında atəşkəs razılaşmasına dair müzakirələr gedir:

"Əslində ehtimal var ki, bu, Trampla bağlıdır. Bildiyimiz kimi onun kürəkənlərindən biri Livanlıdır və seçkilərdə də Tramp ona ciddi dəstək olub. Ümumiyyətlə Amerikadakı müsəlman icması Trampı dəstəkləyib. Bu baxımdan hətta onun yazılı bir öhdəliyinin olması barədə məlumatlar var. Yəni mümkündür ki, Trampın  Netanyahu ilə olan danışıqları və anlaşması sayəsində İsrail və Livan arasında bir atəşkəs olsun. Amma bu atəşkəs  o demək deyil ki,  sonsuza qədər olacaq,  istənilən vaxt bu atəşkəs pozula bilər. Yəni İsrail yenidən nələrsə edə bilər. İsrail indi yalnız hava hücumu ilə bura zərbələr endirir. Quru əməliyyatlar bir qədər çətindir. Bəzən onlar orada Hizbullahın çox ciddi müqaviməti ilə üzləşirlər və geri çəkilirlər. Həmasa gəldikdə isə təbii ki, Həmas kifayət qədər ciddi zərər görüb, rəhbərliyində olan şəxslərin böyük bir hissəsini itirib, amma buna baxmayaraq orada müqavimət göstərir. Digər tərəfdən hələ də İsrailli əsirlərin  azad olunması məsələsi öz həllini tapmayıb. Bu İsrailin siyasi rəhbərliyinin, konkret Netanyahu hökümətinin verəcəyi qərardan asılıdır. Əgər Netanyahu istəsə təbii ki, orada atəşkəs ola bilər".

Həmçinin politoloq vurğulayıb ki, indi ümumiyyətlə Amerikanın yeni prezidenti dünyada müharibələrin dayanmasını istəyir:

" Mümkündür ki, bəlkə bu kontekstdə Trampın sayəsində İsrail və Həmas arasında atəşkəs olsun. Bu barədə zaman-zaman danışıqlar olur və hətta bir neçə dəfə anlaşmağa yaxın olublar, amma sonda bu razılaşmalar pozulub. İndi hər iki tərəf bu siyasi iradəyə sadiq qalarsa, düşünürəm ki, o halda İsrail-Həmas arasında atəşkəsin gerçəkləşməsi mümkündür.  Eyni zamanda Qəzzada demək olar ki, dağıdılmamış yer qalmayıb. Qəzzada əslində böyük bir humanitar fəlakət yaşanır. Orada milyonlarla insan çox ağır vəziyyətdədir. Hər halda  burada müharibənin dayanması, atəşkəsin olması şərtdir. Lakin İsrail hələlik Həmasın orada mövcudluğunu qəbul eləmək istəmir. Qarşısına belə bir qərar qoyub ki, Həmasın sonuna çıxsın. Amma gerçəklik ondan ibarətdir ki, buna nail ola bilmir. Həmas hələ də varlığını sürdürür və Qəzzadakı proseslərə də rəhbərlik edir. Ona görə də ola bilsin ki, sonda İsrail tərəfi də anlaşsın və atəşkəslə  İsrail-Həmas qarşıdurması dayansın. Amma bir məsələ də var ki, bu müharibənin dayanması Netanyahu höküməti üçün müəyyən  risklər yaradır, bu baxımdan, fikrimcə,  burada  son sözü Netanyahu deyəcəkdir. İsrail və Həmas arasında sülhün olub-olmaması onun verəcəyi siyasi qərardan asılı olacaqdır".

Gülşad İbrahimova 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il