Dünya xəbərləri

Ukraynanın yüksək səviyyəli rəsmiləri Şimali Koreya əsgərlərinin ilk dəfə olaraq Ukrayna əsgərləri ilə qarşıdurmada iştirak etdiyini bildirib.

Ukraynanın müdafiə naziri Rustem Umerov Cənubi Koreyanın KBS telekanalına verdiyi müsahibədə Şimali Koreya əsgərlərindən ibarət “kiçik bir qrup”un hücuma məruz qaldığını qeyd edib.

Daha əvvəl Qərbin Şimali Koreya qoşunlarına reaksiya verməməsini tənqid edən Ukrayna lideri Vladimir Zelenski deyib ki, “Şimali Koreya ilə bu ilk döyüşlər dünyada qeyri-sabitliyin yeni bir mərhələsini açır”.

Onun sözlərinə görə, təxminən 11 min Şimali Koreya əsgəri Ukrayna hərbçilərinin mövqe tutduğu Kursk sərhəd bölgəsində yerləşir.

Son həftələrdə Cənubi Koreya və ABŞ kəşfiyyatı, eləcə də NATO, Şimali Koreya qoşunlarının Rusiya müharibəsində iştirakına dair sübutlar aşkar etdiklərini bildiriblər.

Ancaq Moskva və Pxenyan indiyədək bu iddialara birbaşa cavab verməyib.

Ukraynanın dezinformasiya ilə mübarizə üzrə yüksək səviyyəli rəsmisi Andriy Kovalenko ilk dəfə bazar ertəsi Telegram səhifəsində, Şimali Koreyanın “ilk hərbi birləşmələrinin Kurskda artıq atəşə tutulduğunu” qeyd edib.

Cənubi Koreyanın KBS telekanalına müsahibəsində Rustem Umerov bunu təsdiqləyərək bildirib ki, o, Şimali Koreya qoşunlarının “əhəmiyyətli sayda” hissəsinin döyüşə qoşulmasını gözlədiyini deyib, amma əlavə edib ki, bu, “hələlik yalnız kiçik təmaslardır, tam miqyaslı döyüşlər deyil”.

O əlavə edib ki, onların əksəriyyəti hələ də təlim-məşq toplanışındadır.

“Onlar rus hərbi geyimindədirlər, taktiki təlim keçirlər və Rusiya ordusunun müxtəlif komandanlıqları altında cəbhə xəttində yerləşdiriliblər”, - deyə Umerov qeyd edib.

Onun sözlərinə görə, çox güman ki, hər biri təxminən 3000 əsgərdən ibarət beş birləşmə döyüş meydanına yerləşdiriləcək.

O, hələlik hər hansı itkinin olub-olmadığını açıqlamayıb.

Çərşənbə günü gündəlik video müraciətində Zelenski Ukraynanı "dünya ilə birlikdə... Rusiyanın müharibəni genişləndirmək istiqamətində bu addımının qarşısını almaq üçün hər şeyi etməyə" çağırıb və həm Rusiya, həm də Şimali Koreya üçün bu addımın uğursuz olmasını istəyib.

Keçən ayın sonunda Seul, Rusiyanın səfirini çağıraraq onların “dərhal geri çəkilməsini” tələb etmiş və Ukraynaya birbaşa silah tədarükünü nəzərdən keçirdiyini xəbərdarlıq etmişdi.

Analitiklər bildiriblər ki, Pxenyana ödəniş edilə bilər və ya qoşunların müqabilində Rusiya hərbi texnologiyalarına çıxış imkanı verilə bilər.

Çərşənbə günü Rusiya qanunvericiləri, Rusiya prezidenti Vladimir Putinin iyunda Pxenyana etdiyi təmtəraqlı səfərdə təklif edilən qarşılıqlı müdafiə müqaviləsinin ratifikasiyasına səs verəcəklər.

Müqavilə Rusiya və Şimali Koreyanın hər iki ölkəyə qarşı “təcavüz” halında bir-birinə yardım edəcəyinə dair öhdəlik verir.

Tərlan Əmrahova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il